Bax, elə bunu yazırdıq. Sadıq Sadıqov susanda, Elnur Əşrəfoğlu nala-mıxa vuranda, Mübariz Xudiyev böyümək istəyinə düşəndə…
 
…Yazırdıq ki, “Neftçi”də mövqe müharibəsi gedir. Klub prezidenti Sadıqov ətrafını möhkəmləndirmək üçün vitse-prezident postunu öz adamına tapşırmaq istəyir. İcraşı direktor olan Xudiyevi isə “ağ-qaralar”ın sponsoru olan SOCAR yaxına buraxmır. Mübariz bəyin müvəqqəti vitse-prezidentlikdən uzağa gedə bilməyəcəyini, Tahir Süleymanova xələfin himayədarlar tərəfindən seçiləcəyini də vurğulamışdıq.
 
Və budur, “Neftçi”də uğrunda vuruşulması lazım gələn strateji “nöqtə” Sadıq bəyin adamları deyil, başqaları tərəfindən tutuldu. Zatən Sadıqovun cəsarəti çatsaydı, Xudiyevi elə Süleymanov gedərkən rəsmən bu posta təyin edərdi. Amma onun səlahiyyəti yalnız “müvəqqəti”ni seçməyə çatır.
 
Artıq yeni vitse-prezident bəllidi. Bir ay öncədən yazdığımız kimi, Tahir bəyin xələfini klubun himayədarları seçdi. Gözlənilməzlik onda oldu ki, qocaman kluba gənc birisi təyin olundu.
 
Elnur Məmmədov AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdü. Federasiyada bir müddət akademiyanın meneceri qismində çalışıb. Məmmədov ötən il Bakıda hərbçilər arasında keçirilən 1-ci dünya çempionatının təşkil olunması və keçirilməsini təmin etdiyi üçün AFFA-nın baş katibi Elxan Məmmədov və mavini Sərxan Hacıyev müdafiə nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. O, həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyinin təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. Məmmədov bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb, daha dəqiqi, AFFA-nın fan-klublar üzrə koordinatoru olub. "Neftçi"nin yeni vitse-prezidenti Bakıda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.
 
Bu təyinatla Sadıq Sadıqovun AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarəti altında olacağını da demək olar. Çünki Elnur bəy birbaşa baş katibin kadrıdı. Lap "Sumqayıt"ın prezidenti Kamran Quliyev kimi…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp