Ümurusiya Dövlət Teleradio Verilişləri Şirkətinin (ÜDTVŞ) Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli “Qarabağ”ın Bakıda “Sent-Etyen”lə oyunu zamanı stadiona böyük bir bayraq gətirərək arenanda xoş görüntü yaratmışdı. Şakir bəy daha bir ilkə imza atıb. Belə ki, o, bu dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ”lılara sürpriz edib. Təmsilçimiz Milan “İnter”i ilə qarşılaşmaq üçün sentyabrın 29-da İtaliyaya yollananda futbolçuları yüksək motivasiya ilə yola salmaq məqsədi ilə flaşmob nümayiş etdirilib.
Maraq üçün bildirək ki, bu flaşmobdan futbolçuların xəbəri yox imiş. Ümumiyyətlə, tədbir media nümayəndələrindən də bir müddət gizli saxlanıldı və yalnız indi onun görüntüləri ictimaiyyətə təqdim olunur.
Bu sahədə daha bir ilkə imza atan Eminbəyli saytımıza müsahibə verərək növbəti şou ilə bağlı suallarımızı cavablandırıb:
– “Qarabağ” – "Sent-Etyen" matçında bayraq şousu ilə yadda qalmışdınız. Bu dəfə isə Ağdam klubu “İnter”lə matç üçün İtaliyaya gedəndə hava limanında onları surpriz flaşmobla yola saldınız. Ardıcıl olaraq ikinci şounun gerçəkləşməsinə sizi vadar edən nə idi?
– Bu, bayrağımıza olan hər birimizin – sizin də, mənim də – hamımızın ümumi məhəbbətinin, sevgisinin təzahürü idi. İdeyanı düşünən və gerçəkləşdirən şəxsi kənarda qoymaq lazımdı. Bu, o qədər də vacib deyil. İndi dünyada çox az insan APPLE yaradıcısı Steve Jobsu yada salır. Gündəmdə əsas mövsü İphone 6-dı (gülür). Əlbəttdə ki, reallaşdırdığım ideyadan çox məmnunam. Yüzminlərlə insanı duyğulandırmaq, bayraq qürurunu bir daha birlikdə yaşamaq gözəldi və düşünəndə ki, bu, sənin əməyin sayəsində olub, təbii ki, zövq alırsan.
– Ola bilərmi ki, həmin bayraq şousu fransızlarla oyunda qeydə alınan qənaətbəxş nəticəyə də təsir ettdi?
– Məncə, bunu futbolçulardan soruşmaq lazımdı. Amma o bayrağı stadiona gətirməkdə ən əsas məqsədlərdən biri də futbolçuları ruhlandırmaq idi.
– Bu cür aksiyaların davamı olacaqmı?
– Hazırda klub rəhbərliyi ilə müxtəlif ideyaların gerçəkləşdirilməsi üçün tam razılıq əldə olunub və bütün lazımi sərbəstlik var. Hətta hər hansı layihə üçün gərək ola biləcək maddi vəsaitin ayrılmasında zərrə qədər də problemin olmayacağ barədə vəd verilib. Halbuki, düşünülən ideyaların gerçəkləşdirilməsində daha çox təşkilati dəstəyə ehtiyac var, nəinki, maddi məsələlərə. Ən əsas da qarşılıqlı anlaşma və inamın olması faktorudu ki, burada şəxsən mənim giley-güzar etməyə haqqım yoxdu. Nə gözəl ki, Gözəl soyadı bərabər fəaliyyət üçün gözəl şərait yaradıb. Buna görə də onlara təşəkkür edirəm.
– Bu, Azərbaycanda bir ilk idi. Niyə məhz "Qarabağ"la ilklərə imza atmaq qərarına gəldiniz?
– “Qarabağ”lı olmaq üçün Qarabağdan olmaq vacib deyil. Amma nəzərə alın ki, mənim bütün cavanlığım Qarabağ savaşında keçib. Güllə altından çıxmış, ölümlə kəllə-kəlləyə gəlmiş azərbaycanlılardan biriyəm. Gəncliyimdə öz yaşıma uyğun yaxşı futbol oynamışam. Şamil Heydərov kimi məşqçinin tələbəsi olmuşam. Sovet dönəmində “Neftçi”yə azarkeşlik edirdimsə, müstəqilliyin ilk illərində “Qarabağ” dövrü başladı. Səbəblər həddindən artıq çox idi ki, seçim “Qarabağ” olsun. Məncə, indi bütün Azərbaycan “Qarabağ”lı olmalıdı. Hətta, “Neftçi”nin futbolçuları belə (gülür).
– Bu işlərdə kimlər sizinlə bir oldu?
– Dövlet Bayragı Meydanın rəhbəti Rəşad Məmmədov, “Qarabağ” rəhbərliyi, 20 illik dostum Qurban Qurbanov və onun bizi tanış etdiyi Əmrah Çəlikəl bizə dəstək oldu. Və əlbəttə, “İmarət” azad azarkeş qrupu ilə bu işi bir yerdə gördük.
– "Qarabağ" Milandan uğursuz nəticə ilə qayıtsa, bu, qarşıda görə biləcəyiniz işlərə görə sizi ruhdan salmayacaq ki?
– Əsla! Biz onsuz da “İnter”in güclü komanda olduğunu bilirik.
– "Qarabağ"la bağlı göstərilər sırf avrkuboklarda olacaq, yoxsa yerli çempionatda da yeniliklər etmək fikirindəsiniz?
– Mənim istəyim, arzum əsl azarkeş sistemi yaratmaqdı. İşlək sistem isə hər bir yerdə işləyəcək, istər daxili çempionatda, istərsə də beynəlxalq oyunlarda.
– Flaşmobu neçə kamera çəkdi və hava limanında müğənnilərin yerləşdirilməsini necə həyata keçirə bildiniz?
– Hava limanındakı bütün görüləcək işlər mənim ssenarim üzrə hazırlanıb və çəkiliş qrupu tərəfindən həyata keçirilib. Flaşmob isə 8 kamera ilə lentə alınıb. “İmarət”lə razılaşdığımız kimi, yüksək pikselli telefonlarla çəkilən videolar da istifadəyə yararlı oldu.
– Bəs müğənniləri necə razı sala bilmişdiniz? Onları AZAL-ın işçisi "etmək" çətin olmadı ki?
– Müğənnilər təmənnasız, canla-başla bu işə qol qodular. Özləri də tarixi bir layihənin qəhrəmanına çevirildilər. AZAL rəhbərliyinə isə ən böyük təşəkkür düşür. Düzdü, hər şey tam gizli idi. Amma AZAL rəhbərliyi və yaxud polis əməkdaşları bizə heç bir əngəl yaratmadılar.
EMİN SƏFƏROV