Futbol üzrə Azərbaycan çempionatlarında tez-tez maraqlı hadisələrə şahidlik edirik. Belə hallar ən çox 1-ci divizionda baş verir. Aşağı dəstənin 8-ci turu da maraqlı məqamlarla yadda qalıb. Bunlardan biri də ən köklü klublardan birinin hücumçusunun 90 dəqiqə qapıçı kimi çıxış etməsi olub.
 
Bu, Qazaxın “Göyəzən” klubunun hücumçusu Zaur Mustafayevdi. 26 yaşlı hücumçu ötən tur “Rəvan”la oyunda meydana qapıçı kimi çıxıb. Maraqlıdı ki, 90 dəqiqə ərzində qapısından 4 top buraxan “qapıçı” oyun zamanı elə də pis təsir bağışlamayıb.
Bu, böyük ehtimalla “Göyəzən”in futboloçu çatışmazlığından irəli gəlir. Belə ki, Qazax təmsilçisinin “Rəvan”la oyunda ehtiyatda 5 futbolçusu olub ki, bunlardan da heç biri qapıçı deyil. İş burasındadı ki, qazaxlıların PFL-ə təqdim etdiyi siyahıda “Göyəzən”in 3 qapıçısı var. Bunlar Oruc Orucov, İbrahim Həsənov və Murad Məmmədovdu. “Rəvan”la oyunda bu 3 qapıçıdan birinin Bakıya gətirilməməsi isə böyük maraq doğurur.
 
“Rəvan” – “Göyəzən” matçında diqqəti çəkən daha bir məqam isə 14 yaşlı futbolçunun iştirak etməsi olub. 14 yaşlı Kamran Muradov meydanda cəmi 5 dəqiqə olub. O, meydanda 5 nömrəli forma ilə çıxış edib.
Shares: