İsveç mətbuatı Azərbaycan milli komandasının futbolçusu Emin Nurini tənqid edib. Futbolinfo.az xəbər verir ki, isveçli həmkarlarımız 29 yaşlı müdafiəçinin əvvəlki formasından uzaq olduğunu bildiriblər.
 
Belə ki, yerli media ölkənin yüksək liqası sayılan Allsvenskanda ard-arda məğlubiyyətlə üzləşən "Kalmar"ın uğursuzluğunun səbəblərini araşdırmağa bağlayıb. Onlar belə qənaətə gəliblər ki, "ağ-qırmızılar"ın aparıcı oyunçuları yaxşı formada deyil, bu səbəbdən də, komanda uğursuzluğa düçar olub.
 
Mənbədə "Kalmar"ın hazırkı vəziyyəti belə şərh olunur: "Kalmar" acınacaqlı vəziyyətdədi. Onlar son 7 matçda ancaq 1 xal qazana bilib. Komandanın ən məhsuldar futbolçusu Soderqvist yaxşı vəziyyətdə deyil. O, 27 matçda ancaq 10 qol vura bilib. Bundan əlavə, Stefan Larsson, Emin Nuri, Conatan Rinq kimi futbolçular da tükənib. Onlar əvvəlki formalarında deyillər".
 
"Kalmar" hazırda 28 matçdan sonra 35 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır. Komanda indiyə kimi 9 qələbə, 8 heç-heçə, 11 məğlubiyyətlə yadda qalıb.
 
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsun bəyənib milliləşdirdiyi Nuri Özbəkistanla yoxlama matçında debüt edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp