"Dnepr"in baş məşqçisi Miron Markeviç Ukrayna kubokunun 1/8 final mərhələsində "Volın"la cavab matçından (4:0) sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, son Avroliqa matçındakı "Qarabağ" məğlubiyyətini (0:1) həzm edə bilməyən təcrübəli mütəxəssis bu dəfə yeni bəhanə dilə gətirib.
 
Markeviç paytaxt Kiyevdəki stadionun sulanmadığı üçün oyunlarının istədikləri kimi getmədiyini deyib: "Sürətli oynamaq lazım idi. Biz daha sürətlə irəli atılmalı idik. Bunun üçün də qazon uyğun olmalı idi. Bu, Avropa klublarında qəbul olunandı. Kiyevdə biz stadionun sulanması üçün müraciət etdik, lakin bu xahişimizi qəbul etmədilər. Demirəm ki, məğlubiyyətin əsas səbəbi bu idi. Amma futbolda belə xırdalıqlar olmamalıdı. Biz bazamızda hər dəfə məşq edəndə qazonu sulayırıq. Belə olanda oyunda, top da sürətli gedir".
 
Qeyd edək ki, Markeviç bundan öncə də ev oyunlarının təmsil etdikləri Dnepropetrovsk şəhərində yox, paytaxt Kiyevdə keçirdikləri üçün yaxşı oynaya bilmədiklərini demişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp