"Sumqayıt" klubunun futbolçusu  Ramazan Abbasov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan yarımmüdafiəçi evdəki 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
 
"Bu oyuna ciddi hazırlaşmışdıq. 4 oyundu ki, məğlub olurduq. Amma həmin matçlarda məğlub olmağa layiq deyildik. Sadəcə olaraq, bəxtimiz gətirmədi. Bu oyuna da qələbə üçün çıxmışdıq. Qol buraxmağımıza baxmayaraq, hesabı bərabərləşdirə bildik. İkinci hissədə də yaxşı oynadıq, qol epizodları da yaratdıq, amma həmin imkanlardan yararlana bilmədik. Ən azı uduzmamalıydıq. Qələbə qazanmaq üçün şanslarımız oldu. Sadəcə olaraq, bəxt bizdən üz döndərib. Ümumiyyətlə, hər bir komanda ilə başabaş mübarizə apara bilirik. Neçə turdu ki nəticə çatışmır. İnanırıq ki, tezliklə bu uğursuz seriyanı qıracağıq".
 
Abbasov ötən tur keçirilən "Qəbələ" matçında rəqib futbolçu Adrian Ropotanla yaşadığı epizoddan da söhbət açıb: "Dördüncü hakimin gözü önündə mənə açıq-aşkar başla zərbə endirdi. Məncə, qırmızı vərəqə verilməli idi. Yan hakimin də köməkliyi ilə həmin epizoda göz yumdular. Etiraz da etdik. Sadəcə, hakimlər konkret olaraq, həmin epizodda vərəqə vermək fikirləri olmadı. Artıq mübahisə yersiz idi. Gözünün önündə olan hadisəni görmürsə, başqa nə deyəsən? Sadəcə olaraq, özlərini görməzliyə vururlar".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp