“Turan” klubunun sabiq futbolçusu Valeri Onile Moldova mətbuatına maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatı çərçivəsində “Neftçi”yə bilərəkdən məğlub olduqlarını bildirib.
 
O, bunun baş məşqçi Nizami Sadıqovun istəyi ilə reallaşdığını deyib: “Həmin vaxt bizi "Neftçi"nin sabiq baş məşqçisi çalışdırırdı.  Onun keçmiş komandası ("Neftçi") Tovuzda qonağımız idi və əlbəttə ki, çempionluq uğrunda mübarizə aparırdılar. Bizə heç kim əvvəlcədən deməmişdi ki, oyunu verəcəyik. Amma start heyəti məni çox təəccübləndirdi. Çünki həmin heyətdə əvəzedici komandadan və demək olar ki, heç oynamayan futbolçular var idi. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə başa çatdı. Soyunub-geyinmə otağında baş məşqçimiz bizdən kömək istədi. O dedi: “Uşaqlar, kömək edin, bu gün uduzmaq lazımdı. Amma mükafat da olmayacaq”. Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu "şou"da iştirak etmək istəmədilər və məşqçi ilə mübahisələri oldu. Mən də sonda əvəzləndim”.
 
Qeyd edək ki, 2009-cu ilin dekabrın 5-də Tovuzda keçirilən “Turan”-“Neftçi” görüşündə Tovuz təmsilçisinin baş məşqçisi Nizami Sadıqov idi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp