Topaz Premyer Liqasının 11-ci turunun “Simurq”la oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, Lənkəranda baş tutacaq görüşdə komanda tarixində 400-cü rəsmi matçına çıxacaq.
Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadı. 10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və Birlik kubokunda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “ağ-yaşıllar” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan futbolçular penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla 611 top vurub və 341-ni buraxıb.
İlk oyununu 2004-cü il avqustun 7-də “Turan”a qarşı səfərdə keçirən “Xəzər Lənkəran”ın tarixi 1:1 hesablı heç-heçə ilə başlayıb. Komanda indiyəqədərki 8 tarixi matçın 3-də qalib gəlib, eyni sayda heç-heçə edib və yalnız 50-ci və 350-ci matçında uduzub.