Xəbər verdiyimiz kimi, AFFA rəsmiləri Fransada Xorvatiya millisinin sabiq futbolçusu, vaxtilə “Kayserispor”un baş məşqçisi olmuş Robert Proseineçki ilə görüşüb. Asossasiya rəhbərliyi milli komandamızı xorvatiyalı çalışdırıcıya həvalə etmək istəyir.
 
Məşqçinin vaxtilə Türkiyədə çalışdığını nəzərə alaraq, qardaş ölkə mütəxəssislərindən Prosineçki ilə bağlı fikirlərini soruşduq. Futbolinfo.az saytına açıqlama verən “Rəvan”ın sabiq çalışdırıcısı Güvənc Kurtar xorvatiyalı məşqçinin təcrübəsiz olduğunu düşünür:
 
“Prosineçki təcrübəli məşqçi deyil. Azərbaycan milli komandasında uğurlu çıxış etmək çox çətindi. Oradakı əsas problemləri həll etmədən uğur qazanmaq mümkün deyil. Kim gəlirsə-gəlsin, 10 Mouriniyo da gətirsən, yenə uğur qazanmaq olmayacaq. Çünki futbolçunun yetişməsi lazımdı. Onların il ərzində 70-ə yaxın oyun keçirməsi vacibdi ki, irəliləyiş olsun. Bunu etmədikdə futbolçu yetişə bilməz. Yığma komandaya daha təcrübəli məşqçi lazımdı. Güclü komandalara qarşı necə oynamağı bilən məşqçi yığmanıza başçılıq etməlidi. Fikrimcə, Berti Foqtsu da boşuna göndərdilər. Əsla yığmaya yerli məşqçi gətirməsinlər. Yerli məşqçiyə də yazıq olar”.
Shares: