“Qəbələ”nin slovakiyalı futbolçusu Pavol Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla “Sumqayıt” (3:1) və “Araz Naxçıvan” (1:0) üzərində qələbələrdə pay sahibi olub. Futbolinfo.az xəbər verir ki, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini klub saytı ilə bölüşüb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
 
– Topaz Premyer Liqasının 10-cu turunda “Araz Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiz. Liderlər sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə olundu? 
– Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal qazandıq. Komandamız da qələbə qazanmağı bacardı. 
 
– Qarşılaşmanın taleyini həll edən qola imza atdız. Matçdan əvvəl belə olacağını gözləyirdiz? 
– Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odu ki, komanda qalib gəldi. Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi. 
 
– Artıq iki turdu vacib qollara imza atırsız. Ötən tur “Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən fərqlənmişdiz. Bu dəfə də qələbə qolunun müəllifi olduz. Mərkəz müdafiəçisinin belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiz? 
– Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidi. Bunun da nəticəsidi ki, top üzərimə gələndə fərqlənə bildim. 
 
– Standart vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi. Amma son iki matçda bundan istifadə etməyi bacardız… 
– Bu, futboldu. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı üçün maraqlıdı.
 
– Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusuz. 2006/07 mövsümündə “Nitra”, 2008/09 mövsümündə “Vasluy”da buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu yeniləmək haqda düşünürsüz? Növbəti turun “Bakı” ilə ev oyunu fərqlənəcəyinizi gözləmək olarmı?
– İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdi. Başqa heç nə. Qol vursam, yaxşıdı. Vurmasam da, əsas 3 xal qazanmağımızdı.
 
– İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan birisiz. Bu matçlarda “Qəbələ” 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb. Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiz? 
– Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik. 
 
– Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiz. Mükafatlar uğrunda mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiz? 
– Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də “Qəbələ”yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki, mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.
Shares: