Heç vaxt kiməsə xüsusi rəğbət bəsləməmişəm, kimsə idealım olmayıb. Elə buna görə də həmkarlarım hansısa məşqçini, oyunçunu tərifləyəndə, göyün 7-ci qatına qaldıranda mən hər şeyə daha sakit yanaşmağa çalışmışam.
 
Ancaq düzü, Qurban Qurbanovla bağlı məsələ gündəmə gələndən sonra mənim də fikirlərim dəyişib. “Qarabağ”ın baş məşqçisi ideal biri deyil. Bununla belə, o, bu gün üçün hamıdan yaxşıdı. Və onu tərifləmək, mədh etmək gərəkmir, sadəcə, adamın haqqını vermək lazımdı. Yalnız təbriklə, xoş sözlə yox, haqqını yeməməklə, layiq olduğunu təklif etməklə.
 
“Qarabağ”ın “Sent Etyen”lə son heç-heçəsi sıradan olay deyil. Ola bilsin ki, komandamız bir az da bəxtin sayəsində xal qazandı. Amma ona qalsa, fransızlar da Bakıda eyni xoşbəxtliyə nail olmuş, canlarını məğlubiyyətdən qurtarmışdılar. Fransada, ermənilərin ən çox dəstəkləndiyi ölkədə Azərbaycanı təmsil edən, QARABAĞ sözünü düşmənlərin gözünə soxan komanda tarixi uğura imza atdı və hazırda qrup ikincisidi. İndi “Qarabağ”ı qrupdan çıxmaq üçün hətta evdəki son oyunda 1 xal da qane edə bilər.
 
Bu uğurun memarı, bu tarixi şansı ərsəyə gətirən isə Qurbanovdu. Heç şübhəsiz, “Qarabağ”ın sabit oyununda, zirvəyə addım-addım irəliləməsində klub rəhbərliyinin də rolu hədsizdi. Amma futbol adına, oyun fəlsəfəsi, sistemi adına hər şeyi Qurban bəy proqramlaşdırır.
 
Nə olsun? Bunu yalnız sıravi azarkeşlər və jurnalistlər görür, daha çox diqqət yetirməli olan şəxslər isə kordu.
 
Qurbanovun son uğuru elə bir dönəmə təsadüf edib ki, AFFA-nın baş katibi Elxan Məmmədovun hətta başqa düşüncəsi olduğu üçün nəfəs alması da haramdı. Milli komanda üçün ən layiqli namizəd başının üstündə ikən o, hansısa yoldankeçəni yığmaya sırımaqdadı. Milli maraqlara tüpürərək, öz şəxsi mənafeyini düşünərək…
 
Ona görə Qurbanovu görmür ki, ondan cibinə pul qalmayacaq, məşqçi üçün ayrılan puldan tuluğunu doldura bilməyəcək. Əvəzində məşqçi kimi uğuru nədir, heç beynəlxalq oyun təcrübəsi olmayan Robert Prosineçkidən 30-40 faiz qatlayacaq. Cəhənnəm olsun Azərbaycan futbolu da, millisi də – əsas cibin dolmasıdı.
 
Düzü, anlamıram ki, Qurbanov ən azı milli komandanın baş məşqçi postuna namizəd olmaq üçün daha nə etməlidi? Mümkün olan hər şeyi edən bu çalışdırıcı nəinki namizədliyi, hətta baş məşqçi olmağı da çoxdan haqq edib, bircə bacarmadığı Berti Foqts, Robert Prosineçki kimi qeyri-azərbaycanlı olmamasıdı. Yalnız o halda bəlkə Məmmədovun ürəyinə girə bilərdi.
 
Elxan Məmmədov bu saymazyana münasibəti ilə nəinki ictimaiyyəti, hətta ölkə rəhbərliyinə də laqeydliyini göstərir. Vaxtilə pley-offa vəsiqə qazandığı üçün ölkə prezidentindən gələn telefon zəngini qəbul edən, təbriklər eşidən Qurban bəy həmin vaxtdan bu yana uğurlarını daha da artırıb, ancaq AFFA hələ də bu məşqçini görməzdən gəlir. Görəsən, mühüm dövlət işləri üzündən başı qarışıq olan dövlət başçısı “Qarabağ” qrup mərhələsini adladıqdan növbəti dəfə Qurban bəyi belə iltifata layiq görsə, nə olacaq? “Yuxarılar” belə bir məşqçi qala-qala hansısa Prosineçkinin milli komandada peyda olmasının səbəbini soruşanda baş katib nə deyəcək? İnanın ki, onda süni qazon biznesindən qazandıqları da, klublara AFFA-nın büdcəsi hesabına 15 min manat maaşa təyin etdiyi koordinatorlardan aldığı faizlər də Məmmədovu xilas etməyəcək.
 
Elxan Məmmədovun sabiq sözçüsü Foqts hər dəfə Qurban Qurbanovdan söz düşəndə paxıllıqdan çat verir, həmkarının uğurlarını braziliyalı legionerlərin varlığına bağlayırdı. Bəli, Qurban bəyin legioner seçimi çox gözəldi, o, AFFA kimi hər yoldan keçəni komandaya götürmür. Bundan başqa, Fransadakı son matçda oynayanlar tamamilə başqaları idi. Bədağız alman bu barədə danışandan bu yana Reynaldo formadan düşüb, indi isə uzün müddətə zədələnən Çumbinyo və Dias kimi kənarda qalmışdı. Qurbanov isə hətta yarımcan heyətlə də nəticə qazanmağı bacardı.
 
Yığmayla da bağlı narahat olmayın. Çünki baş məşqçi olacağı halda Qurban bəy ölkə futboluna mütləq əsl ulduzlar bəxş edəcək. Bədavi Hüseynov, Qara Qarayev, Maksim Medvedev, Vüqar Nadirov və başqaları məhz onun rəhbərliyi altında əsl futbolçu olub; Rəşad Sadıqov daha da kamilləşib; Foqtsun yığmaya namizəd saymadığı İlqar Qurbanov, Namiq Yusifov karyerasının qürub vaxtında özkaralardan, budaklardan, iltərlərdən daha faydalıdı. Rauf Əliyev, Əfran İsmayılov kimi yerli ulduzları da məhz Qurban bəy futbolumuza qazandırıb. Ona görə də milli komandada kadr çatışmazlığının olmayacağından da arxayınam. Hətta belə problem varsa da, Qurbanov onun həllini Prosineçkidən daha yaxşı bilir.
 
İnsanları ilahiləşdirməyin, böyütməyin əleyhinəyəm. Ancaq müəyyən səviyyəni aşan, daha yaxşısına layiq olanların haqqını vermək lazımdı. Qurban Qurbanov bunu çoxdan haqq edib.
 
VÜSAL MAHMUDOV
Shares: