Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” tarixin yaddaşına öz adını qızıl hərflərlə yazdırmağa davam edir. Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sent-Etyen”lə qələbəyə barəbər heç-heçə edən təmsilçimiz artıq bizə yuxu kimi görünən 1/16 final mərhələsinin astanasındadı.
Qurbanov bu nəticə ilə milli komandamızın baş məşqçisi olmalıdı. Amma nicat yolunu əcnəbi məşqçidə axtaran AFFA rəhbərliyi bu uğurları görə-görə Qurban bəyə heç bir təklif göndərmədi. Əvəzində isə həqiqətən yoldan keçən biri olan xorvatiyalı Robert Prosineçkinin millimizə baş məşqçi təyin olunmasına imkan yaradır. AFFA İcraiyyə Komitəsi (İK) də susur. Görüntü xatirinə mövcud olan qurum “ağa deyir sür dərəyə, sür də” prinsipi ilə yaşayır.
Hələlik AFFA rəhbərliyinə, xüsusən də baş katib Elxan Məmmədova təsir edə biləcək şəxslər yerli mütəxəssislərdi. Bəs, görəsən mütəxəssislər necə düşünür? Maraqlıdı, “Qarabağ”ın uğurlarının baş memarı olan Qurban Qurbanov millimizin baş məşqçisi olması üçün bundan artıq nə etməlidi? Futbolinfo.az saytına danışan Məşqçilər Komitəsinin üzvləri də fərqli düşünmür.
Böyükağa Hacıyev: “Qarabağ” yaxşı nəticə qazandı. Reynaldonun meydanda olmaması özünü bir daha göstərdi. Mənə elə gəlir ki, o, meydanda olsaydı, hesab fərqli olardı. Hələ heç nə itirilməyib. Qrupun taleyi axırıncı oyunlardan asılıdı. Fikrimcə, Qurban Qurbanov komandaya yetərincə motivasiya verəcək. İnşallah, Bakıda “İnter”i udacaq. Biz özümüzə zorla siğə tapmalı deyilik ki. Bunu sən, ictimaiyyət görürsə, şərh etməyə ehtiyac yoxdu. Mən hər zaman millinin baş məşqçisinin yerli olması ilə bağlı öz təklifimi vermişəm. Və bu yaşımda öz əqidəmi dəyişə bilmərəm. Hər halda Azərbaycan futbolunu yerli mütəxəssis əcnəbi məşqçidən daha yaxşı tanıyır. Ən vacibi odur ki, yerli məşqçi Azərbaycan mentalitetini dərindən bilir. Zamana ehtiyac var. Günlərin birində Azərbaycan millisinin “sükanı arxasında” yerli məşqçi olacaq. Yaxşı atalar sözü var: “Sərçəni əlində möhkəm saxla, sığırçın gəldi gedərdi”.
Vaqif Sadıqov: “Hesab edirəm ki, sırf nəticəyə oynayan “Qarabağ”ı gördük. Bizə sərf edən nəticə ilə vətənə qayıdır. Hər şey əlimizdə olduğu üçün “İnter”i Bakıda məğlub edib, yeni bir tarix yazmalıyıq. Ağdam klubu bu oyuna qədər də böyük uğura imza atıb. Qurban Qurbanov istedadlı məşqçidi. Öz işi ilə bunu hər gün, hər oyun sübut edir. Zamana ehtiyac var, tələsməyək. Qurban Qurbanovun da vaxtının gələcəyinə inanıram. Azərbaycan futbolu üçün əlindən gələni etməyə bacaran bir mütəxəssisdi. Hazırda qərar belə qəbul olunub. Buna da hörmət etmək lazımdı. Dekabrın 3-də millimizin yeni baş məşqçisi təsdiqlənəcək. Bu, bir o qədər də önəmli deyil. Millinin əsasını “Qarabağ”ın futbolçuları təşkil edir. Və hamısı çox yaxşı formadadı. Yenə deyirəm, hər şeyi zamana buraxmaq lazımdı”.
Ağasəlim Mircavadov: “Qarabağ”ın hücumda ac qalması işi çətinə saldı. Təmsilçimizin tələsməməsi çox xoşuma gəldi. Çalışırdılar ki, düzgün oyun qursunlar. Qol da çox gözəl alındı. Vüqar Nadirov həddindən artıq yaxşı oynadı. Hər oyunçu həmin epizodda fərqlənə bilməz. Bu da ustalıq tələb edir. Sonuncu oyunda hər şeyə aydınlıq gələcək. Millinin yeni baş məşqçisi əcnəbi olacaq. Burada danışmağın mənası da yoxdu. Sözü 3-4 dəfə deyəndə, qiyməti ölür. Mən yenə də öz fikrimdəyəm ki, millinin baş məşqçisi yerli olmalıdı. Çünki ölkə futbolunu yaxından bilir. Artıq hər şey həll olunub. Nəyi dəyişmək olar axı? Qurban Qurbanov artıq öz işini görməlidi. Klub məşqçisi kimi çəkdiyi əziyyətin bəhrəsini görməlidi”.
EMİN SƏFƏROV