İspaniya millisinin üzvü Serxio Ramosun komanda yoldaşları Sesk Fabreqas və Dieqo Kosta ilə yaşadığı qalmaqala komandanın baş məşqçisi Visente del Boske də qarışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli məşqçi Ramosun bu açıqlama ilə yanlış hərəkət etdiyini bildirib:
"Serxio Ramos bu barədə danışmamalıydı. O, səhv edib. Dieqo Kosta isə bizim ondan gözlədiyimizi göstərə bilmədiyinə görə narahatdı".
Xatırladaq ki, Fabreqas və Kosta bir neçə gün öncə "Çelsi" forması ilə meydana çıxmalarına baxmayaraq, İspaniya yığmasının düşərgəsinə zədəli olmaları səbəbindən getməmişdilər. Serxio Ramos isə hər iki futbolçunun İspaniya millisinə olan sədaqətindən şübhə etdiyini bildirmişdi. Daha sonra “Çelsi”nin baş məşqçisi Joze Mourinyo Ramosu yalançılıqda ittiham etmişdi.