AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev bir neçə gün önə apasport.az saytına maraqlı açıqlama vermişdi: “Robert Prosineçkinin hazırda Bakıda olmasından, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcəyindən xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm”.
 
Veteran futbolçu Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizəd olan Prosineçkinin mümkün təyinatı barədə danışarkən isə bunları demişdi: “Qoy, onu Bakıya dəvət edənlər danışsın. Prosineçki ilə danışıqlar tamamlanandan, bütün prosedurlar yekunlaşandan sonra mən öz sözümü İcraiyyə Komitəsində deyəcəm. Orada nə deyəcəyimi isə sizə açıqlamayacam. Bilirəm ki, Prosineçki yaxşı futbolçu olub. Amma onun necə məşqçi olduğunu bilmirəm. Axı mən onu izləyəsi deyiləm. Heç hansı ölkədə yaşadığını da bilmirəm. Mən özümüzünküləri izləmişəm. Anatoli Banişevski, Yuri Kuznetsovu…”
 
Maraqlıdı ki, ötən müddətdə nə olubsa, Tuayev fikrini dəyişib. Ona kimin nə dediyini bilməsək də, Kazbek bəyin bizə bu gün verdiyi açıqlamada fərqli məqamdan bəhs etdiyini özünüz də görəcəksiz: “Mən yerli məşqçinin tərəfdarı idim. Əsas da Qurban Qurbanovun. Ancaq indiki vəziyyətdə Qurbanovu işləri çoxdu. Onun komandası Avropa Liqasının qrupunda mübarizə aparır. İndiki vəziyyətdə onun iki cəbhədə mübarizə aparması düzgün olmazdı. Dekabrın 3-də baş məşqçi məsələsinə aydınlıq gələcək. Əsas namizəd də Robert Prosineçkidi. Xorvatiyalı tanınmış futbolçu olub. Onu məşqçilik karyerasına nəzər yetirəndə diqqətimi çəkən uzun müddət Slaven Biliçin köməkçisi olması faktıdı. Yığma təcrübəsi çoxdu. Burada olduğu müddətdə açıqlamalarına diqqət yetirmişəm. Xoşuma gələn bir sıra məqamlar var. Bildirir ki, Azərbaycan futbolna xidmət etmək istəyir. Ölkəmizdə qalmağın tərəfdarıdı. Gənc və enerjili məşqçidi. Buna görə də onun namizədliyini dəstəkləyirəm”.
Shares: