Dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının keçiriləcəyindən xəbərdarsız. Amma assosiasiyanın baş katibi Elxan Məmmədov işi elə planlaşdırıb ki, köhnə baş məşqçinin hesabatı təqdim olunmadan millimizə yeni baş məşqçinin təyinatı ilə bağlı qərar qəbul olunacaq.
 
Yəni, İK-nın budəfəki iclasında Berti Foqtsun 6 illlik fəaliyyəti ilə bağlı məsələ müzakirə olunmayacaq, heç hesabat da verilməyəcək. Bəs, görəsən, Berti Foqtsun yığmada fəaliyyəti ilə bağlı nə zaman hesab veriləcək?
 
Məsələni dəqiqləşdirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Futbolinfo.az-a açıqlama verən Nərimanoğlu İK-nın AFFA-nın inzibati binasındakı iclasının qapalı keçiriləcəyini bildirdi. O, yalnız iclasdan sonra mətbuat konrfansının təşkil olunacağını vurğuladı. Hesabat isə yalnız AFFA-nın gələn il baş tutacaq konfransında ictimaiyyətə təqdim olunacaq: “Hesabat istəsələr, onda da məsələ qaldıra bilərlər. Foqts AFFA rəhbərliyi ilə görüşdə səbəbi açıqlayıb. Nizamnaməyə uyğun olaraq, AFFA-nın konfransında hesabat da olacaq. Bu da gələn il üçün planlaşdırılıb”.
Shares: