Bilirəm, indi fransızlar havalanıb. Tüstüləri təpələrindən çıxır. Həm şoka, həm də qrupda 3-cü pilləyə düşüblər. ƏLin, QOLun var olsun, Vüqar! Səni yaradana, Reynaldonun yoxluğunda sənə şans verənə QURBAN!
Fransızlar xoruza xüsusi simpatiya bəsləyir. Hətta bu canlını Fransa millisinin loqosunda da əks etdiriblər. Biz isə uzun müddət Sovetin tərkibində yaşamışıq. Ölkəmizdə rus dilini bilənlər də çoxdu. Buna görə də fransızlardan fərqli olaraq xoruza xüsusi simpatiya bəsləyə bilmərik. Elə “Qarabağ”ın da səfərdə “Sent-Etyen”lə qələbəyə bərabər heç-heçə etməsinə “ağdamlılar fransızların xoruzunu qoltuğuna verdi” adını da vermək olar.
Ötən gecə zədə səbəbi ilə Reynaldo meydanda yox idi. Hücumda tək qalan Vüqar Nadirovun üzərinə böyük yük düşürdü. Problemlərin olduğunu bilən Qurban Qurbanov da, güclü və bitirici zərbələri olan Nadirova xüsusi tapşırlıqlarını vermişdi: “ƏLinə düşən imkandan maksimum yararlan. Axşamüstü qoy uzaqdan, havalansın fransızlar…”
Oh mon dieu. “Sent-Etyen”in baş məşqçisi havalanıb. Kristof Qaltye oyundan sonra coşub. Qarşılaşmanı idarə edən hakimlərdən narazı qaldığını bildirib. Penaltilərinin verilmədiyi iddia edir. Bu azmış kimi, o, klub səviyyəsində Fransa təmsilçisilərinin qapısına yol tapan ilk futbolçumuza tüpürüb, zədələnərək yerə yıxılan Nadirova qarşı nalayiq hərəkətlər edib. “Kişi sözü” filmində “Xoruz – cinsi kişidi, yalandan banlamaz” deyiləndə, kişinin sözündə bütov, dürüst olmasına işarə verilir. Qaltyenin bəhanələrini, etdiyi tərbiyəsizliyi ilə həmin filmdəki xoruz söhbətini müqayisə edəndə nədənsə az-maz bildiyim rus dili köməyimə çatır. Sözügedən kino 1987-ci ildə, Sovetin dönəmində çəkilib axı…
Futbol gözəllikdi, futbol bir dünyadı. Nə yazıq ki, “Qarabağ” braziliyalıların hesabına oynayır, nəticə qazanır” deyənlərin ücbatından biz bu dünyanın cəhənnəmindəyik. Amma təəssüflənməyə dəyməz. Ötən gecə yağan yağış, Vüqarın qoldan sonrakı göz yaşı, futbolçuların alın təri başqalarının günahlarını yumaq üzrədi. Artıq cənnətə, bizim üçün xəyal olan yerə – 1/16 final mərhələsinin astanasındayıq. Bunun üçün bizə dünən “Dnepr”lə oyunda azarkeşlik etdiyimiz Milan “İnter”ini büdrətmək lazımdı. Lütfən, kimsə “Qarabağ”a, Qurban bəyə “İnter”i udmalısan" deyə təzyiq etməsin. O, işinin öhdəsindən gəlməyi çox gözəl bilir. Onsuz da “Qarbağ” qrupdan çıxa bilməsə belə, bu, son deyil. Nəzərə almaq lazımdı ki, Azərbaycan futbolu uğrunda özünü şəhid edənlərin yeri cənnətdi.