AFFA-nın baş katibi Elxan Məmmədovun futbolinfo.az saytına müsahibəsi:
 
– Dekabrın 3-də İcraiyyə Komitəsinin iclası olacaq və millimizin yeni baş məşqçisi müəyyənləşəcək. Robert Prosineçki ən real namizəddi. Son anda sürpriz ola bilərmi?
– Hər şey İcraiyyə Komitəsindən asılıdı. Sürprizi onlar edə bilər. Son söz sözügedən komitənin üzvlərinin olacaq. Qeyd etdiyiniz kimi, ayın 3-də iclas keçiriləcək və müzakirələrdən sonra qərar veriləcək. Biz də AFFA rəhbərliyi olaraq son 50 gündə kimlərlə görüşdüyümüzü məruzə edəcəyik. 
 
– Siz dekabrın 3-də qərarın veriləcəyini desəz də, Prosineçki ölkəsinin mətbuatına 3,5 illik müqavilə imzalayacağını, bunun qarşılığında 85 min avro alacağını bildirib. Prosineçki sizdən fərqli düşünür?
– Məsələ burasındadı ki, bunu mən də mətbuatdan oxumuşam. Prosineçki belə deməyib. Həmin jurnalist fikirləşirdi ki, çox güman, cənab Prosineçkiyə belə şərtlər təklif olunacaq. Bildiyiniz kimi, xorvat mütəxəssis Bosniya və Hersoqovina yığmasına da namizəd idi. Bizdə iki cür müzakirə gedəcək. 3 illik müqavilə və maliyyə şərtləri müzakirə olunacaq. Hələ müqavilə imzalanmayıb. Hazırda o, real namizədlərdən biridi. Bakıda oyunları izləyir. İşinə peşəkar yanaşır. İki həftədən sonra Premyer-Liqada fasilə yarandığı üçün çempionat oyunlarını izləyə bilməyəcək. Fürsətdən istifadə edib oyunları indi izləyir. "Qarabağ"ın Fransada "Sent Etyen"lə qarşılaşmasını da canlı izləyib.
 
– Berti Foqtsun dönəmi ilə bağlı hesabat verilmədi. Artıq hesabat verilmədən millinin yeni baş məşqçisinin adı bəlli olacaq. Sizə elə gəlmirmi ki, öncə yığmamızın sabiq çalışdırıcısının gördüyü işlərlə bağlı hesabat verilməli idi – işlədiyi 6 il ərzində nələr etdi, xərclənilən pullar qarşısında hansı işləri gördü?
– Foqts AFFA rəhbərliyinə iki illik hesabat təqdim etmişdi. Son hesabat isə 2013-cü ilin dekabr ayında verilmişdi. Seçmə mərhələ yeni başlayıb. 3 oyunla bağlı hesabatı ilin sonunda təqdim edəcək. Əvvəlki illərdə hər tsikl üçün müvafiq hesabat verilmişdi. Hazırda həmin hesabatlar da arxivdədi. İK-nın hər iclasında Foqtsun fəaliyyəti ilə bağlı müzakirələr gedirdi. Bəzi iclaslarda iştirak etməsə də, mənfi nə var idisə, ona çatdırılırdı.
 
– Prosineçki milli komandalarda baş məşqçi işləməyib və bu sahədə beynəlxalq oyun təcrübəsi də yoxdu. Bu amil yığmamızın işini çətinə salmayacaq ki?
– Bunu zaman göstərəcək. Bu, çox yaxşı sualdı. Yaxşı olardı ki, həmin sualı qərardan sonra İK üzvlərinə də verəsiz. Çox maraqlı sualdı. Bu, kriteriyada yazılıb. Hesabatı təqdim ediləndə bu amil də yazılıb. 
 
– Əvvəlcədən müzakirə edilib, qərar verilməli deyil ki? Qərardan sonra müzakirə nəyi dəyişəcək?
– Qərar hələ verilməyib ki. Ondan sonra soruşarsız ki, niyə təcrübəsi olmayan məşqçini təyin etdilər.
 
– İstənilən halda gec olacaq da…
– Onsuz da qərar sizin sualınızın əsasında qəbul olunmur ki. Danışıqları AFFA rəhbərliyinin müəyyən etdiyi kriteriyalara uyğun olaraq aparmışıq. Bunu da mətbuata təqdim edəcəyik. Kriteriyalardan biri o idi ki, nisbətən gənc məşqçi olsun. Təcrübəli məşqçilərin yaşı çox olur. Təbii ki, təcrübəlilərlə də görüşmüşük. Lakin onların da yaşı 60-dan çoxdu. Bunu da nəzərə almaq lazımdı. İkincisi də, yaşı 60-dan çox olan məşqçi Azərbaycana tam köçmək fikrində deyil. Çünki ailə amili və yaşayış tərzi var.
 
– Belə çıxır ki, Foqtsdan nəticə çıxarmışıq da. Çünki onun da yaşı 60-dan çox idi…
– Xeyr. Təbii ki, ona görə deyildi. Sadəcə, söhbət yığma komandada çalışan təcrübəli məşqçidən gedirsə, deməli, yaşı çox olmalıdı.
 
– Prosineçki müsahibəsində bildirib ki, müqavilə imzalasam, Azərbaycanda yaşayacam. Bu, AFFA-nın tələbidi?
– Danışıqlara başlayanda birinci tələbimiz məşqçinin Azərbaycanda yaşaması ilə bağlı olub. Elə məşqçilər də var idi ki, təcrübəli olsa da, ölkəmizdə yaşamağa hazır deyildi. Prosineçki ailəsini də bura gətirmək istəyir. Dünən mənə bildirdilər ki, xorvat mütəxəssis artıq gələn həftədən etibarən beynəlxalq məktəblərə baxacaq. Uşaqlarını həmin məktəbdə yerləşdirmək istəyir.
 
– Burada qalacağına artıq bir o qədər əmindi?
– Sadəcə, vaxt itirmək istəmir. Çünki qarşıdan bayram gəlir. Bilir ki, ən real namizəddi. Ondan başqa Bakıya gələn də yoxdu. Ola bilsin ki, İK milliyə başqa məşqçinin axtarılmasını istəsin.
 
– Maraqlıdı ki, Prosineçki 1 il üçün "Srvena Zvezda" və "Kayserispor"da yarım milyon dollardan çox maaş almayıb. Ancaq ölkəsinin mətbuatına Azərbaycanın millisinin baş məşqçisi kimi hər ay 85 min avro alacağını bilirib. Bu isə bir ilə 1 milyon 300 min dollar pul edir. Bu qədər yüksək məbləğ Prosineçkiyə ölkəmizdə yaşaması üçün veriləcək, yoxsa xüsusi istedada malikdi, biz bilmirik?
– Bunu birinci dəfədi eşidirəm. Bildiyim qədəri ilə bunu Bosniya və Hersoqovina millisi üçün ona təklif ediblər. Nəyə görə razılaşmadığını biz bilmirik. İK bəlkə Prosineçkinin namizədliyini qəbul etmədi. Maliyyə şərtlərini indidən açıqlaya bilmərik ki.
 
– Prosineçkinin qarşısına tələb qoyulubmu ki, köməkçilərindən biri azərbaycanlı olsun?
– Müqavilə imzalansa, özü ilə köməkçi məşqçiləri də gətirəcək. Yerli məşqçinin də yanında işləməsini çox istəyir. Biz də öz təkliflərimizi verəcəyik. Namizədləri hələ fikirləşməmişik. Bilirsiz ki, Aslan Kərimov U-15 millisində də çalışır. Onun daha çox 15 yaşlılarla işləməsini istərdik. Çünki millinin təməli 15 yaşda qoyulur. U-15 Liqasını gedib izləmək lazımdı. Düzü, iki yerdə çalışmasının tərəfdarı deyiləm. Bunu da İK-nın iclasında deyəcəm. Çox güman ki, Kərimov U-15-də işini davam etdirəcək.
 
– Məşqçilər Komitəsində yer alan mütəxəssislər millimizin "sükanı arxasında" yerli məşqçi görmək istəyir. İcraiyyə Komitəsinin əksər üzvləri də eyni fikirdədi. Hətta Kazbek Tuayev əvvəlcə Prosineçki ilə bağlı fikir bildirmədi. Dedi ki, gedin Prosineçkini bura gətirənlərdən soruşun. Bu gün "Qarabağ" Avropa Liqasında tarix yazır. Futbol ictimaiyyəti bu tarixin memarı olan Qurban Qurbanovu millimizin baş məşqçisi kimi görmək istəyir. Maraqlıdı, Qurbanov yığmamızın məşqçisi bu gün olmayacaqsa, bəs nə vaxt olacaq? Yoxsa Aslan Kərimov kimi onun da iki yerdə çalışmasını istəmirsiz?
– Ümumiyyətlə, bu, düzgün deyil. Məşqçi bir yerdə işləməlidi. İcraiyyə Komitəsinin heç bir üzvü AFFA prezidentinə və katibliyinə hansısa namizədlərin müzakirəsi ilə bağlı müraciət etməyib. 
 
– Əksinə, siz təqdim etməlisiz, onlar müzakirə etməlidi…
– Misal üçün İK üzvləri zəng edib, deyir ki, biz hansısa bir məşqçi ilə danışıqlar aparmaq istəyirik, bizə şərtləri deyin. Gündəmdə olan məsələlərlə bağlı məktub getmişdi. Və heç bir üzv deməyib ki, gəlin bu müzakirəni də aparaq. Kazbek müəllimin müsahibəsini oxumuşdum.  Belə bir şeyə rast gəlmədim. Prosineçkini dəstəklədiyini bildirib. 
 
– Əvvəl fərqli düşünürdü. İndi nədənsə fikrini dəyişib…
– Məşqçilər Komitəsinin üzvləri ilə görüşüm oldu. Müzakirələr getsə də, siz dediyiniz məsələ ilə bağlı söhbət olmadı. Heç kim demədi ki, biz yerli məşqçini tövsiyə edirik. AFFA-nın prezidenti Rövnəq Abdullayev də açıqlamasında millimizin baş məşqçisinin əcnəbi olacağını demişdi. Biz də buna əsaslanaraq işimizi belə təşkil etdik. Bir də deyirəm, İK-in heç bir üzvü mənə zəng vurub deməyib ki, Elxan müəllim, xahiş edirik gündəliyə yerli məşqçinin müzakirəsini daxil edin. Bunu desəydilər, məcburi olaraq etməliydik.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp