"Liverpul" rəhbərliyi komandanın kapitanı Stiven Cerrarda yeni müqavilə təklif edib. Futbolinfo.az xəbər verir ki, bu haqda klubun baş məşqçisi Brendan Rocers məlumat verib.
O, 34 yaşlı yarımmüdafiəçini düşünmək üçün xeyli zamanı olduğunu bildirib: "Yeni müqavilə ilə bağlı təklif Cerrard və onun menecerinə göndərilib. Hazırda vəziyyət belədi. Stiven klubda 16 ilini keçirib. Bu səbəbdən də o, sonsuz hörmətə layiqdi. Şərtlər barədə istədiyi qədər düşünə bilər. Əlbəttə, iş pulda deyil. Onunla danışmışam və pulun əsas amil olmadığını bilirəm. Yenə də Cerrard təklif barədə mövsümün sonuna qədər düşünmək imkanına sahibdi".
Qeyd edək ki, "Liverpul" futbol məktəbinin yetirməsi olan Cerrard 1998-ci ildən "qırmızılar"ın əsas komandasında çıxış edir. O, hazırda həftəsinə 140 min funt-sterlinq qazanır.