“Topaz" bir daha sübut etdi ki, mərci oynayan yox, oynadan qazanır. Bunu sübuta yetirmək üçün çox da uzağa getmək lazım deyil. Elə sponsoru olduğu Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən "Simurq" – "İnter" matçına əvvəlcədən açıqlanan əmsallara diqqət yetirsək, bunun əyani şahidi olarıq. Sözügedən mərc şirkəti eyni mənbədən maliyyələşən komandaların görüşü günü elə "şou" göstərdi ki, gəl görəsən.
Maraq üçün bildirək ki, "Topaz" bu qarşılaşmada "İnter"in gücünü çox şişirtmişdi. Düzü, şirkətin "bankirlər"ə qarşı olan güvəninin nədən qaynaqlandığından xəbərsizəm. Elitada çıxış edən klubların hamısı Zaqatala səfərinin çətin olduğunu bildiyi halda "Topaz" müştərilərini aldadaraq Kaxaber Sxadadzenin komandasının asan qələbə qazanacağı üçün "İnter"in meydandan 3 xalla sıyrılmasını 1.30 əmsalı ilə qiymətləndirmişdi.
Amma bu kələyin ömrü uzun çəkmədi. Oyun günü hər kəs Zaqatalada "Simurq"un paytaxt klubuna məğlub olmayacağını əminliklə deyirdi. Elə bəndəniz də o fikirdə idi. Çünki Sxadadzenin yetirmələri son turlarda inamlı çıxış etmirdi. Bundan başqa "Simurq" doğma azarkeşləri önündə "Neftçi"ni məğlub etmiş, daha sonra yüksək formada olan "Qarabağ"a diş göstərmişdi. Maraqlıdı ki, "Topaz" "sarı-qaralar"la Ağdam klubununın görüşündə "Qarabağ"ın səfərdən 3 xalla qayıtmasını 1.80 əmsalı ilə dəyərləndirmişdi.
Burada bir neçə sual meydana çıxır: "İnter"in Qarabağ"dan 0,50 əmsallıq üstünlüyü nədədi? Mərc həvəskarlarını, bundan başqa, mərcdən anlayışları olmayanları yanıltmaq? Və ya qarşılaşmanın əmsalını mərc proqramına daxil edirsənsə, bəs sonradan pul qoyuluşunu niyə dayandırırsan?
Bütün bu sualların bir cavabı var: "Topaz" mərc həvəskarlarının sözügedən şirkətin "şou"suna aldanmadığını gördü. Və futbolsevərlər arasında son statistikaları nəzərə alaraq "Simurq"un məğlub olmayacağını düşünənlərin çoxluq təşkil etdiyinin şahidi oldu. Nəticədə şirkət ziyana getməmək üçün bu qarşılaşmaya pul qoyuluşunu dayandırdı. "Simurq" – "İnter" matçında qeydə alınan 1:1-lik nəticə isə şirkəti yüngülvari xərcdən, mərc həvəskarlarını isə az miqdarda qazancdan məhrum etdi. Beləliklə, bərabərə bitən oyunda meydandan kənarda "şou" göstərən "Topaz" qarşılaşmadan üç xalla ayrılmasa da, qalib oldu.
EMİN SƏFƏROV