“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi.
 
– Ardıcıl uğursuz nəticələrdən sonra “Qələbə”doğma azarkeşləri önündə “Qarabağ”ı  məğlub etməyi bacardı. Qarşılaşma barəsində fikirlərinizi bilmək maraqlı olardı…
– Adətən komandada məşqçi dəyişəndə futbolçulara iki cür təsir edir: ya pozitiv, ya da əksinə. Bu gün futbolçuların daha pozitiv olduğunu, oyuna yaxşı kökləndiyinin şahidi olduq. Sənan Qurbanovu alqışlayıram.  Qurbanovun bir oyunda çox şeyi dəyişdiyini demək olmaz. Ən azından uşaqların fikrini bir yerə cəmləyə bildi. Apardığımız söhbətlər də nəticəsini verdi ki, məşqçinin olmamasının bir fərqi yoxdu. Oynamaq, nə bacarırıqsa, onu etmək lazımdı. Maraqlı oyun oldu. “Qarabağ”ın yorğun olduğu da məlumdu. Ancaq bu, nəticəyə təsir etmir. 
 
– Bizdə olan məlumata görə, Dorinel Muntyanunun istefasından sonra “Qəbələ” ukraynalı mütəxəssis Roman Qriqorçukla danışıqlar aparır. Hazırda danışıqlar nə yerdədi?
-Bəli, danışıqlar aparırıq. Ancaq müəyyən məsələlər var ki, hələ yekunlaşmayıb. 
 
– Qriqorçukun “Qəbələ” – “Qarabağ” matçını stadiondan canlı izlədiyini nəzərə alsaq, artıq onunla razılaşdığınızı demək olar?
– Çox güman ki, razılaşarıq. Qriqorçuk hər bir şeylə tanış olub. Buradakı şəraitdən razı qalıb. 
 
– Ukraynalı çalışdırıcı ilə neçə illik müqavilə nəzərdə tutulub?
– Ən azı 1,5 illik. Bununla bağlı klub prezidenti ilə də söhbətimiz olacaq. Mən məşqçi ilə uzunmüddətli əməkdaşlıq etməyin tərəfdarıyam. Ancaq elə məsələlər var ki, məşqçinin necə nəticə göstərəcəyini öncədən bilmirsən. Qriqorçukun başqa təklifləri də var idi. Bildiyiniz kimi, onunla keçən il də maraqlanmışdıq. Bizə tam uyğun məşqçidi. Təsəvvür edin ki, ötən il bizimlə görüşməyə gələndə futbolçularımızın harada, necə çıxış etdiyini bizdən yaxşı  bilirdi. Baxırsan ki, adam işi ilə yaşayır. 
 
– Maraqlıdı ki, elitada əsasən yerli məşqçilər nəticə göstərir. Düzdü, bir oyunla qiymət vermək olmaz, amma Sənan Qurbanov da ən azından bunu sübut etdi. “Qəbələ”nin yerli məşqçiyə üstünlük verməməsinin səbəbi nədi?
– “Qəbələ”nin keçmişinə nəzər salsaq, görərik ki, 10 illik tariximizdə 5 il yerli məşqçilərə güvənmişik. Bəli, 4 ildə iddiamız olmasa da, uğurlu çıxışımız qeydə alındı. Bu müddət ərzində istədiyimizi ala bilmədik. Məşqçini kim olmasını klub prezidenti müəyyənləşdirir. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Kifayət qədər yaxşı yerli məşqçilərimizin olması ilə razıyam. Avropaya tərəf addımlamaq istəyirik. Bəlkə də nəsə alınmır, səhvlərimiz var. Amma fikrimiz bu yöndədi.
 
– Ötən mövsüm İvaylo Petevlə də razılığa gəlmişdiz. Ancaq son anda bolqar mütəxəssisin seçimi sizdən yana olmadı. Roman Qriqorçuk da sürpriz edə bilərmi?
– Bizim ikitərəfli danışıqlarımızda geriyə dönüşün olduğu görünmür. Müəyyən məsələrin yekunlaşmadığını nəzərə alaraq hələ ki, heç nə deyə bilmirəm. 
 
EMİN SƏFƏROV
Shares: