Zaqatalaya futbola görə getdiyimi öyrənən kupe yoldaşım “bacıoğlu, bu işlərin başını buraxın, Azərbaycanda futbol olmayıb, olmayacaq da” deyəndə çox təəccübləndim. O, yalan danışa bilməzdi. Çünki Azərbaycanda sayılıb-seçilən ali təhsil ocaqlarının birində müəllim işləyir.
Təəssüf ki, onun məntiqli cümlələrini dinləməyə çox vaxtım olmadı. Gün ərzində elə yorulmuşdum ki, axşam qatara minən kimi relslər üzərində hərəkət edən nəqliyyat vasitəsinin lay-layı məni 8 saatlıq yuxuya aparmışdı. Yalnız müəllimlə səhər yuxudan oyananda, Şəki stansiyasından sonra söhbət etməyə imkanım olmuşdu.
Deyirdi ki, elə o vaxt – Sovetin dönəmində “Neftçi” gürcülərə, ermənilərə uduzub, bizi biabır edirdi. Millimizin də indiki nəticələri adamın papağını yerə soxur. “İnsan nə qədər uduzmağa meyilli olar axı? Bəs bunların udan günü nə vaxt olacaq” kimi suallarına cavab tapmaq çətin idi.
Peşəsi rəssamlıq olan şəxs qısa zaman kəsiyində Azərbaycan futbolunun mənzərəsini cümlələri ilə göz önündə elə canlandırdı ki. “İstər pinəçi ol, istərsə də soyuducu ustası – əgər o sənət Azərbaycanda yaranmayıbsa, deməli, o işi ən yaxşı bacaran biz olmayacağıq. Futbol da həmçinin” sözündə həqiqət vardı. Öz bacısı oğlunun həvəsi musiqiyə olub. Amma atası onu futbola yazdırıb. Eşidib ki, bu sahədən çoxlu gəlir əldə etmək mümkündü. Dayısı öz bacısı oğlu ilə futboldan söhbət edəndə uşağın “Messinin filan qədər pulu var, Ronoldonun maşınlarının sayı-hesabı yoxdu” deməsi anasının qardaşını hövsələdən çıxarıb. Bunun da “acığını” kupedə ölkəmizin futbolundakı cuzi inkişafından danışan məndən çıxdı: “Bala, o mənə desə idi ki, bəs, Ronoldinyo filan ötürməni, driblinqi belə etdi” onda bilərdim ki, bacıoğludan futbolçu olacaq. Yox, indidən pulu düşünürsə, kiminsə qazandığı məvacibi sayırsa, o, heç vaxt istəyinə çatmayacaq”.
30 illik rəssam uğurlarından, qazandığı kiçik mükafatlardan, sərgilərdə ucuz qiymətə satılan əsərlərindən ürəkağrısı ilə danışırdı. Əziyyətinə qiymətin verilmədiyini, tanınmaq üçün adamın adamının olmasını xatırladırdı. Nədənsə elə bu vaxt SSRİ dönəmində yaşamış erməni rəssamı Nalbadyanı xatırladı. Nalbadyan irəli getməsi üçün Stalinin, Brejnevin oturan, duran, gəzən, gülən, əsəbi formada olduğu portretlərini çəkirmiş. Bir o qalırmış ki, Stalin və Brejnevi padşahın piyada getdiyi yerdə də çəksin. SSRİ dağılanda da Nalbadyanın varlığından bir xəbər olmayıb, gözdən itib.
Amma Səttar Bəhlulzadə… “Vətənimin bağları”, “Xəzər gözəli”, “Şamaxı üzümlükləri”, “Kəpəzin göz yaşları” və s. əsərləri ilə xalq rəssamı olduğunu xatırlatdı.
İşi ucuz tutulan rəssamın sözünün məğzi vardı. Onun Nalbadyan və Səttar Bəhlulzadə misallarını çəkməsi heç də əbəs deyildi. Çünki ali məktəb müəllimi ölkə futbolunda çalışanlar içərisində işinin yaxşı getməsi üçün rəhbər şəxslərin “portretlərini” çəkənlərin çoxluq təşkil etdiyini yaxşı bilirdi. Səttar Bəhlulzadə xasiyyətinə, mənəviyyatına malik olanlar, yəni, sadəcə, öz işi, zəhməti ilə diqqətdə qalanlar isə indi diqqətdən kənardı. Futbolumuza kənardan diqqət yetirirlər, baxırlar…
EMİN SƏFƏROV, Bakı – Zaqatala – Qəbələ – Bakı