Flaqman deyəndə ilk öncə nümunəvi, lider, aparıcı və s. başa düşülür. Avropada ölkələrində yer alan köklü klublar artıq çoxdan öz qəlibini tapıb və nizam-intizamla idarə olunurlar. Bu klublar hər il çempionluğa oynamasalar da, hər zaman bütün sahələrdə nümunəvi olmaları ilə seçilirlər.
Doğrudu, Azərbaycan futbolunun flaqmanı sayılan “Neftçi” bir çox ilklərə və uğura imza atıb. Ancaq pis olan odu ki, bu komanda həm də xoşagəlməz ənənələriylə seçilir. Ölkənin ən köklü klubunda klub idarəçilərinin yolverilməz davranışları futbolçulara çoxdan “sıçrayıb”. Komandada yoldaşlıq və bir-birinə hörmət olduqca aşağı səviyyədədi. Dünən baş tutan “Neftçi” – “Sumqayıt” oyununda buna növbəti dəfə şahid olduq.
Qonaqlar “ağ-qaralar”a olduqca güclü müqavimət göstərirdi. Flaqman sayılan komandanın futbolçuları belə çətin məqamlarda peşəkar davranmalı və meydanda komanda yoldaşları ilə yaxşı əlaqə qurmalıdılar. Ümumiyyətlə, çətin vəziyyətlərdə birlik, yardımlaşmaq çox vacibdi. Amma ev sahiblərində bunun əksini gördük. Hesab 2:2 olarkən, Kardosonun hücuma çıxarkən topu itirməsi Ruslan Qurbanovu özündən çıxardı. O, braziliyalı həmkarına rus dilində sərt və təhqiramiz ifadələr işlətdi. Bəli, düz üzünə qarşı. Axı, Kardoso rusca bilmir. Bundan istifadə edən Ruslan eyni söyüşü onun üzünə qarşı iki-üç dəfə təkrarladı. Kardoso isə portuqal dilində Ruslana hansısa taktiki səhvi izah edirdi.
Ümumiyyətlə, söyüş, təhqir sanki “Neftçi” futbolçuları üçün etalona çevrilib. Onlar özünü seçilmiş sayır və adi halda belə özündən çıxır, bunu özlərinə rəva bilirlər. Təbii ki, bu da böyükdən nümunə götürülərək edilir. Klubda münasibətlər söyüş üzərində qurulub və bu da əksini meydanda göstərir. Dünən “Sumqayıt” ikinci qolu vurmamış tribunada izlədiyimiz mənzərə bunu deməyə əsas verir. Qonaqların bərabərlik qolundan bir dəqiqə öncə Ernest Nforun topu itirməsi klub prezidenti Sadıq Sadıqovun matçı ayaq üstə izləyən oğlunun əsəblərini korladı və legioneri burada yaza bilmədiyimiz ifadələrlə təhqir etdi. Hesab 2:2 olanda isə baş məşqçinin də ünvanına xoşagəlməz ifadələr işlədən oğul Sadıqov “müdafiədə oturanda belə olacaq da” sözlərini əlavə etdi. Dubl edən Ruslana öpüş göndərən, səhv edəndə onları söyən klub rəsmisindən futbolçular da nümunə götürür və bu, onların davranışında əksini tapır.
Yoxsa elə deyil?..
SEYMUR KƏRİMLİ