Topaz Premyer Liqasının 16-cı turuna “Simurq” – “İnter” matçı ilə start verildi. Dekabrın 13-nə 1 oyunun salınması bütün diqqətləri Zaqatalaya yönəltmişdi. Qarşılaşmadan bir neçə gün əvvəl futbol ictimaiyyəti eyni maliyyə mənbəyi ilə dolanan klubların görüşündə “İnter”i daha şanslı sayırdı. “Sarı-qaralar”ın “bankirlər”ə asanlıqla təslim olacağı bildirilirdi. Amma…
Amması odur ki, Zaqatalada hər iki klubun eyni mənbədən maliyyə gücü almasına baxmayaraq, yerli əhali “qardaşlar” söhbətindən narahatdı. Düzü, qarşılaşmanın gedişatı da bu iki komanda arasında qohumcanlılığın olmasının tam əksini göstərdi. Əldə etdiyimiz məlumata görə, “Simurq” rəhbərliyi “İnter” üzərində qazanılan qələbəyə görə futbolçulara yüksək məbləğdə pul mükafatı da söz vermişdi. Bu addım da istər-istəməz komandalarla bağlı olan söz-söhbəti istənilən halda azaldan məqamlardandı.
Orxan Məmmədovun start fiti səslənəndə ilk 10 dəqiqə ərzində topa daha çox nəzarət edən qonaqlar oldu. Amma Kaxaber Sxadadzenin yetirmələrinin qeyri-dəqiq ötürmələri xoşbəxt sonluğa çatmağa imkan vermirdi. Daha sonra təşəbbüsü ələ alan “sarı-qaralar”ın ilk təhlükəli hücumu 11-ci dəqiqədə reallaşdı. Kapitan İlkin Qırtımovun sağ cinahdan zərbəqarışıq ötüməsini qapıya göndərmək üçün Draqan Çeran bir qədər gecikdi. “Simurq” qonaqların qapısı qarşısında növbəti təhlükəli anı 19-cu dəqiqədə yaşatdı. Amma Məhəmməd Mirzəbəyovun əllə oynaması nəticəsində təyin olunan cərimə zərbəsində Marko Stanoyeviç fərqlənə bilmədi. Güclü zərbələrə malik olan serbiyalı yarımmüdafiəçi topu az fərqlə çölə göndərdi.
“İnter”in qol vurmaq istəyi isə hec cür alınmırdı. “Simurq”un müdafiəçisi idan Vaytzman bu hücumların uğursuz olmasında əsas pay sahiblərindən biri idi. İsrailli müdafiəçi topa akrobatik toxunuşlarla diqqət mərkəzində idi. Qarşılaşmanın 27-ci dəqiqəsində Marko Stanoyeviç növbəti dəfə Səlahət Ağayevin sayıqlığını yoxladı. Onun təxminən 25 metrdən vurduğu elə də güclü olmayan zərbəsini millimizin qapıçısı çətinlik çəkmədən sıçrayışla dəf etdi.
Yarım saatın tamamında bu dəfə qol vurmağa Rəşad Eyyubov yaxın oldu. Çerandan ideal ötürmə alan Eyyubov yaxın məsafədən topu qapıya göndərə bilmədi. Zaqatalalılar ardıcıl hücumlarının bəhrəsini ilk hissənin başa çatmasına iki dəqiqə qalmış gördü. Turan Axundovdan ideal ötürmə alan “Simurq”un serbiyalı hücumçusu Çeran topu çətin vəziyyətdə qapıya göndərməkdə çətinlik çəkmədi – 1:0.
İkinci hissədə ilk təhlükəli epizod 62-ci dəqiqədə hesabda geridə olan komanda tərəfindən yaşandı. Ancaq 8 qolla bombarirlər siyahısına başçılıq edən Mikel Alvaro cərimə zərbəsindən topu Zaqatala dağlarına göndərdi.
Fasilədən sonar ev sahibi daha çox müdafiə olunur, şansını əkshücumlarda axtarırdı. Elə bu əks-hücumların birində meydanın mərkəzindən irəliləyən Samir Zərgərov sürəti hesabına “İnter” müdafiəçilərini geridə qoysa da, topu Səlahət Ağayevin üstünə vurdu. Daha sonra Zərgərovun hava ötürməsini Çeran baş zərbəsi ilə qapının yanından çölə göndərdi. Oyunun sonlarına yaxın “Simurq” futbolçuları yerə yıxılmaqla vaxt aparmaq niyyətindən əl çəkmirdi.
Qonaqlar hesabı yalnız oyuna artırılmış sonuncu dəqiqədə bərabərləşdirdi. Sonuncu dəqiqə istisna olmaqla oyun ərzində qapı çərçivəsinə bir dəqiq zərbə belə endirməyən “İnter” “sarı-qaralar”ın qapıçısı Pavel Kapsanın çıxışda səhvə yol verməsi nəticəsində Bakıya xalla döndü. Daha doğrusu, Kapsanın qonaqları bir xalla geri döndərdiyini desək, yanılmarıq. Maraqlıdı ki, qol ötürməsindən əvvəlki – “Simurq”un müdafiəçisi Turan Axundovun ciddi zədələndiyi epizodda qonaqlar topu meydandan kənarlaşdırmadı. Halbuki, üz nahiyəsindən zərbə alan Axundovun zədəsi çox ciddi idi.
1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra “Simurq”un düşərgəsində sanki matəm hökm sürürdü. Son dəqiqədən qələbənin əldən verilməsi komandanı sarsıltmışdı. “İnter” 1 xala sevinsə də, ev sahibinin kapitanı İlkin Qırtımov özünə gəlməkdə çətinlik çəkirdi. Qələbənin son dəqiqədə əldən çıxdığına görə Qırtımova kimsə salam belə versəydi, qan düşərdi. Qarşılaşma heç-heçə bitsə də, oyun ərzində “qardaşlar” söhbətinə rast gəlinmədi. Məncə…
EMİN SƏFƏROV, Zaqatala
Shares: