Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin dəstəyi ilə ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında yoldaşlıq  oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb.
 
“Bayıl Arena” da keçirilən oyunda 13 yaşlı oyunçuları iştirak edib. Qeyd edək ki, “Britaniya komandası”nı Bakcell şirkətinin təşkil etdiyi "Mançester Yunayted" Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən istedadlı uşaqlar və Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq təmsil edib. “Qarabağ”da isə U-13 komandası ilə yanaşı klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Emrah Çəlikəl və AFFA tərəfindən təyin olunmuş texniki direktor Con van Loen forma geyiniblər.
 
Tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyununun 100 illiyini qeyd etmək olub. Həmin vaxt bir-birinə əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəyə fasilə vermiş, mahnılar oxumuş, hədiyyələr paylaşmış və rəmzi olaraq futbol oynamışdılar.
(AFFA)
Shares: