Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutan "Qəbələ" – "Qarabağ" matçını pisixoloji cəhətdən bərbad durumda olan iki komandanın görüşü də adlandırmaq olar. Bir tərəfdə ikinci dövrədə qələbə üzünə həsrət qalan “Qəbələ”, digər tərəfdə isə Avropa Liqasına hakim səhvinə görə vida edən "Qarabağ" vardı. Bundan başqa hər iki komanda aparıcı üzvlərinin xidmətindən məhrum olmuşdu. Əyalət təmsilçisində Vikto Mendi, Ruslan Əmircanov və Vladimir Levin zədəli idisə, Cavid Hüseynovla Pavol Farkaş sarı vərəqə limitini doldurduğu üçün matçı tribunadan izləmək məcburiyyətində qalmışdı. Zədə epidemiyası Ağdam klubundan da yan keçməmişdi. Vüqar Nadirov, Çumbinyo, Dias, Reynaldo zədə səbəbi ilə, İnnosent Emeqara isə anasınınn vəziyyəti yaxşı olmadığına görə İsveçrəyə yollandığı üçün “qırmızı-qaralar”la oyunda yox idi.
 
Uğursuz nəticələrə görə komandadan göndərilən Dorinel Muntyanun paramparça etdiyi “Qəbələ”ni qısa müddət ərzində Premyer Liqanın liderinə qarşı oyuna hazırlamaq elə də asan deyildi. Komandanı müvəqqəti  olaraq Sənan Qurbanova tapşıran rəhbərlik üçün qarşılaşmada qeydə alınan heç-heçə bəlkə də pis nəticə sayılmazdı. Çünki, son elita oyunlarına nəzər salsaq, görərik ki, bu iki komandanın arasında keçirilən matçlarda daha üstün olan tərəf “atlılar”dı. 
 
Bir sözlə hər iki komandada məlum problemlərin olması görüşə əlavə rəng qatırdı. Vaxtilə Karlos Alberto Torresin dönəmində yığmada bir yerdə çıxış etmiş Qurbanovların duelindən hansının qalib ayrılacağı maraqla gözlənilirdi. Çünki hər ikisinin işi çətin idi. Qurban Qurbanov Miroslav Zelinkadan öldürücü zərbə alan “Qarabağ”ı diriltməli, Sənan Qurbanov isə “nəfəs yolları” tıxanan “Qəbələ”yə yeni nəfəs gətirməliydi.
 
Sənan Qurbanovun meydana çıxardığı start heyətlə qarşılaşmaya 1:0 öndə başladığını desək, yanılmarıq. Çünki Muntyanunun dönəmində bərbad oyunu ilə yadda qalan Yazalde Pinto ehtiyatda qalmışdı. Gənc çalışrıdıcı rumın mütəxəssisdənn fərqli olaraq, ona meydana çıxmağa imkan vermədiyi üçün ən doğru addımlarından birini atmışdı.  Bundan başqa ötən turda “Xəzər Lənkəran”la oyuna ehtiyatda başlayan Sadiq Quliyevlə Elvin Camalovun “Qarabağ”a qarşı ilk “11-lik-də” olmasını da 34 yaşlı məşqçinin üstünlüyü hesab etmək olar. Ötən gün qarşılşamada vurulan ilk qola qədər “Qəbələ” Ekiqo Ehiosunun ifasında hesabı açmağa yaxın idi. Amma İbrahim Şehiçin möhtəşəm qurtarışı nigeriyalı hücumçunun qol sevincinə mane oldu. “Qarabağ”ın hesabı açmasında isə Kamran Ağayevin topa uğrusuz müdaxilə etməsi xüsusi rol oynadı. Ağayev təcrübəli qapıçı kimi topu sol cinaha göndərmək əvəzində onu sürətlə gələn Namiq Ələsgərova tərəf vurdu ki, bu da qolla nəticələndi. Ağayevin səhvi ilə yanaşı gənc Ələsgərovun əzmkarlığını da qeyd etmək lazımdı. 
 
İlk hissə baxımsız alınsa da, ikinci hissə daha maraqlı keçdi. Ev sahibi ikinci hissəyə başlayan kimi hesabı bərabərləşdirdi. Ekiqonun ötürməsini Bəxtiyar Soltonav baş zərbəsi ilə Şehiçin qoruduğu qapıdan keçirdi. Beləliklə, Soltanov bu qolu ilə “Araz Naxçıvan”ın çempionatda çıxarılmasına görə “Qəbələ”nin silinən 6 xalından 3-nün “bərpasına” yardımçı oldu. Bəxtiyar “Qəbələ”yə Naxçıvan təmsilçisindən gəlmişdi axı…
 
Qoldan 13 dəqiqə sonra Soltanov dublunu rəsmiləşdirməyə yaxın idi. Amma hücumçunun topu boş qapıya göndərə bilməməsi qolu 2 dəqiqə ertələdi. “Qəbələ”nin növbəti hücumunda Ekiqonun növbəti məhsuldar ötürməsini bu dəfə Dodo əla zərbə ilə “Qarabağ”ın qapısından keçirdi – 2:1. Qoldan sonra da ev sahibinin hesab arasındakı fərqi artırmaq imkanı olsa da, bundan istifadə edə bilmədi. Nəticədə qarşılaşmanın baş hakimi Fariz Yusifov final fitini səsləndirəndə meydandan 3 xalla ayrılan tərəf “Qəbələ” oldu.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanovun məyusluğunu hiss etmək elə də çətin deyildi. Bundan başqa komandanın məlum səbəbə görə hələ də özünə gələ bilməməsini bacarıqlı məşqçi də gizlətmədi. Sənan Qurbanovun başçılıq etdiyi “Qəbələ”nin ağdamlıların bu durumundan yaxşı istifadə etdiyini desək, yanılmarıq. “Qarabağ” Sənan Qurbanovun ciddi sınağında onun ilk qurbanı oldu. Qarşılaşmadan sonra gənc məşqçinin sevincli olduğunu, özünü necə xoşbəxt hiss etdiyini gözlərindən oxumaq elə də çətin deyildi.
 
EMİN SƏFƏROV, Qəbələ
Shares: