Yeni yaranmış AFFA Klublar Komitəsinin növbəti iclası dekabrın 23-nə planlaşdırılır. Həmin yığıncaqda bir sıra məsələlərin müzakirəsi reallaşmalıdı.
 
Bizdə olan bilgiyə görə, budəfəki iclasda daha çox “Bakı”yla bağlı məsələlər aktual olacaq. Klub rəhbərliyi digərləri tərəfindən haqqlarının pozulmasını, futbolçularının onlardan icazəsiz transfer edilməsini gündəmə gətirəcək.
 
Ancaq bəri başdan deyək ki, “Bakı” “Qarabağ”ı, “Xəzər Lənkəran”ı, “Simurq”u ittiham etdiyi bir vaxtda daha bir zərbə aldı. “Neftçi” də “zolaqlılar”ın maddi problemlərindən, klubdakı acınacaqlı durumdan istifadə etdi. “Bakı”nın qapıçısı Aqil Məmmədovun transferini nəzərdə tuturam. Bu keçid hər nə qədər klublar arasında razılığın nəticəsi kimi qiymətləndirilsə də, faktdı ki, Aqil yaxşı malıyyə durumu olan “Bakı”nı tərk etməzdi. Məmmədov məhz pulsuzluq üzündən “zolaqlılar”ı tərk edir, “Neftçi” də bu durumdan faydalanır.
 
Bu keçid Klublar Komitəsinə, onun üzvlərinin saxta mehribançılığına ciddi zərbə oldu. Bununla belə, əsl bomba alışmaq üzrədi. Klublar Komitəsinin ilk sədri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun saytımıza verdiyi müsahibədə açıqladığı iddia-fikir gizli narazılığın üzə çıxması üçün kifayət etdi.
 
Belə ki, Nadirovun saytımıza verdiyi müsahibəyə əsaslanan “Futbolpress” maraqlı araşdırma aparıb. Tuyqun bəyin "…Digər bir məsələ isə “Topaz” mərc şirkəti ilə klublar arasında olan münasibətdən gedir. Şirkət mərc oyunlarında klubların adından istifadə edir və bunun müqabilində ödəniş etməlidi" açıqlamasından yola çıxan həmkarımız bu sözlərin səbəbini Elxan Məmmədovdan öyrənməyə çalışıb və baş katib fırıldaq əməllərin cavabını verərkən özünü “zibilə salıb”.
 
Doğrudan da "Azəridmanservis" olaraq, "Topaz"ın qazancından AFFA-ya pul köçürülür. Bu, hələ şirkət yaradılanda açıqlanmışdı. Məmmədov da bunu təkzib etmir: "Azəridmanservis"in futbol mərc oyunundan qazandığı məbləğin 4.20 faizi Gənclər və İdman Nazirliyinə keçir.  Həmin 4.20-in 30 faizi isə oradan AFFA-nın hesabına köçürülür. Bunlar Nazirlər Kabinetinin aidiyyatı qərarı ilə tənzimlənib. Bu da təqribən ayda 80-100 min manat deməkd. Bu da, asılıdı həmin ay futbol yarışlarının mahiyyətindən. Elə ay olur ki, həm Çempionlar Liqasının, həm dünya çempionatına seçmə mərhələnin oyunları olur. Həmin ay gəlir qeyd elədiyimiz rəqəmdən çox da ola bilir. Bu da illik 1 milyon, 1 milyon 200 min civarinda bir məbləğ deməkdi. Təkrar qeyd edim ki, bu, artıb, azala bilən rəqəmdi və AFFA-nın hesabatında öz əksini tapır. 2014-cü ilin hesabatı hələ olmayıb. Bu il Dünya Çempionatı oldu, ona görə gəlirlər artdı. Orta aylıq 140 min manat olmalıdı".
 
Fakt! Deməli, Nadirov klubların adından istifadə edildiyi üçün elə məhz klublara çatmalı olan pay iddiasında haqlıdı. Həmkarımızın qeyd etdiyi kimi, alternativ variant yoxdu. Çünki "Topaz"dan assosiasiyaya gələn tək maliyyə budu. Digər variant isə "Topaz"ın PFL-ə titul reklam müqaviləsi ola bilər ki, əgər Nadirov bunu qeyd etsəydi, onda PFL-in adını çəkməli idi. Amma onu da nəzərə alaq ki, "Topaz”ın PFL-ə ödədiyi məbləğ klublara paylansa, onda cüzi miqdar olur. Çünki həmin məbləğ illik 300 min manatı keçmir. Yəni burada pay söhbəti sırf AFFA-ya ödənilən aylıq 100-140 min (orta hesabla illik 1,5 milyon) manatdan gedir.
 
Məmmədov illik 1,5 milyon manat olan “oğurluğ”a don geyindirməyə cəhd edir: "Klublarla AFFA-nın münasibətlərində maliyyə problemlərinin olması mümkün deyil. Müxtəlif layihələrimiz var. Klubların inkişafı istiqamətində son layihəmiz klub akademiyalarına direktorların AFFA tərəfindən təyinatı və onlar daxil olmaqla, hər klubda 14 məşqçiyə maaşların verilməsi, və s. inventarlar, digər nüanslarla təmini – bunların hamısını biz edirik. Məncə, Tuyqun bəy hansı nüansı nəzərdə tutursa, bunu gələcəkdə tam açıqlayar, əgər sırf "Topaz"dan AFFA-ya köçürülən məbləği nəzərdə tutduğunu düşünürsüzsə, fikrimcə, söhbətimizdə kifayət qədər açıqlıq gətirdim, bu maliyyənin xərclənməsi də digər məqamlar kimi şəffaflıqla həyata keçirilir və hər şey AFFA-nın illik konfransında açıqlanan hesabatda əksini tapır”.
 
Baş katibin "Topaz"dan gələn maliyyəni ümumi büdcəyə qatmalarını deməsi, həm də bunu fəxrlə etməsi çox maraqlıdı. Niyə? Nəyə görə klublar arasında bölüşdürülməli olan para AFFA-nın büdcəsinə əlavə olunur? Axı, bunu uşaq liqalarına, aşağı yaş qruplarının təlim-məşq toplanışlarına, elit-məşq layihələrinə sərf etmək doğru deyil. Bu pul klublara çatmalıdı, hansısa layihələrə yox. Yığmaların toplanışlarına çəkilən xərcləri onsuz da SOCAR qarşılayır. Əlavə xərclər üçün də neçə-neçə sponsorlarınız var. O zaman gözünü olmayan azarkeşlərdən yığılan bilet puluna, gəlir gəlməyən teleyayına və hələlik ən real qazanc mənbəyi olan “Topaz”ın ödədiyi pula dikən klublardan niyə oğurluq edirsiz, Elxan bəy?!
 
Ola bilsin ki, klublar indiyədək kiməsə görə (!) səsini çıxarmayıb, amma başqa məqsədlər üçün yaradılan Klublar Komitəsi sizdən hesab soracaq, ən azı belə açıqlamalarla kor olmadıqlarını büruzə verəcəklər.
 
Klublara idman direktorlarının təyin olunduğunu və bunu AFFA-nın onlara yardımı kimi qələmə verən Elxan bəy indi əsl həqiqəti deyir. Bəlli olur ki, əslində, onlara xərclənən pullar elə klubların öz payıdı. Klublar “Topaz”dan gələn pulu bəlkə başqa məqsəd üçün xərcləmək istəyir? Bu, onların işinə, müstəqilliyinə qarışmaq deyilmi? AFFA öz hesabına klublar üçün əcnəbi mütəxəssis gətirirsə, bu, başqa məsələ,demək olar ki, əlavə köməkdi. Ancaq onlar klubların öz haqqı olan pulla maaş alırsa, deməli, elita təmsilçilərinin müstəqilliyinə kölgə düşür.
 
Loru dildə desək, pulumu ver, onu hara xərcləmək lazım olduğunu özüm bilərəm. Mənim üçün əcnəbi mütəxəssis gətirirsənsə, xərcini ödəyirsənsə, sağ ol, amma bunu mənə çatası pulla edirsənsə, bu, artıq ilanı Seyid Əhməd əli ilə tutmaq kimi bir şeydi.
 
“Topaz”dan gəlməli olan puldan hər kluba hardasa illik 150 min manat düşür. Bir çoxları üçün bu məbləğ heç nə olsa da, ona xilas mənbəyi kimi baxanlar da var. Ən azı klubların müəyyən problemləri bu məbləğin hesabına qarşılana bilər. Ona görə də baş katibin nala-mıxa vurub “Bunu əvvəlcə aydınlaşdırmaq lazımdı ki, Klublar Komitəsi "Topaz" gəlirini istəyərək konkret nəyi və necə nəzərdə tuturlar” deməsi heç nəyi dəyişmir. “Topaz”ın mövcud olduğu 4 ildə klublara çatmalı olan üst-üstə 6 (illik 1,5) milyon manat həzm-rabedən keçirilib.
 
Məmmədov “Topaz”dan gələn, amma AFFA-nın büdcəsində ilişib qalaraq klublara gedib çıxmayan pulun oğurlanmasına başqa cür də don geyindirməyə çalışır. Guya ki, büdcədə artıq qalan pul yararsız meydançaların təmirinə, böhrana düşən perspektivli kluba xərclənir. Maraqlıdı, baş katib hansı meydanları və ya klubları nəzərdə tutur?
 
Lənkəran stadionu hələ də təmirdədi. AFFA onlara hansısa yardım edirmi? Yoxsa Elxan bəy ancaq qohumlarının direktoru olduğu “nə bilim nə Arena”ları nəzərdə tutur? Tovuz şəhər stadionunu deyirsə, xatırladım ki, həmin meydan üçün maliyyə də elə klubların boğazından kəsilmişdi. Yadınızdadısa, AFFA xüsusi iclas keçirib UEFA-nın klublara uşaq futbolunun inkişafı üçün ayırdığı pulu mənimsəmişdi. Həmin toplantıda bildirilmişdi ki, qitə futbol qurumunun ayırdığı pul klubların razılığı ilə Tovuz və Gəncə stadionlarının təmirinə sərf olunacaq.
 
Birincisi, bu, yolverilməz idi. Çünki uşaq futbolunun inkişafı üçün ayrılan pul aidiyyatı üzrə xərclənməli idi, stadion təmirinə yox.
 
İkincisi, həmin məbləğ iki şəhərin stadionunu yeni libasa bürüməliydi, ancaq bildiyimizə görə, yalnız Tovuzda işlər yekunlaşdı. Görünür, baş katibə məxsus qazon biznesi o qədər bahalı oldu ki, Gəncəyə gedib çıxmaq mümkün olmadı.
 
“Böhranda olan perspektivli klublara yardım”a gəlincə, Elxan bəy güman ki, “Bakı”nı nəzərdə tutur. Amma sahibi İspaniyada, İngiltərədə, Fransada klub alan “Bakı” niyə “Neftçi”nin, “Qarabağ”ın, “İnter”in, “Xəzər Lənkəran”ın, “Qəbələ”nin və başqalarının pulu ilə dolandırılmalıdı? Elə baş katibin nikahdankənar övladı “Sumqayıt” da həmçinin…
 
İndi cənab Elxan Məmmədovdan bütün bu məsələlərlə bağlı açıqlama gözləyirik. Zəhmət olmasa, bütün qeydlərimizə aydınlıq gətirsin. Ola bilər onun qədər savadlı deyilik, hardasa səhv etmişik, buyurub öyrətsin, yalanımızı isbatlasın. Sussa, bunu razılıq əlaməti kimi qəbul edəcəyik. Danışmaq istəsə, əlavə suallarımız da var, onların hamısına cavab almaqdan məmnun olardıq.
 
VÜSAL MAHMUDOV
Shares: