“Neftçi”nin futbolçusu Kənan Manafova qarşı təzyiq etməklə onun fevralda başa çatacaq müqaviləsini yeniləməyə məcbur etdiyini diqqətinizə çatdırmışdıq. Maraq üçün bildirək ki, artıq futbolçunun meneceri məsələ ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə də şikayət edib.
Komitəyə göndərilən şikayət məktubu paytaxt klubu tərəfindən Manafova maaşının tam ödənilməməsi, daha doğrusu, futbolçunun əməkhaqqının ştata uyğun olaraq verilməməsinə görədi. Şikayətin əsas səbəblərindən biri də odur ki, futbolçu nə əsas, nə də əvəzedici heyətlə heç bir yarışda iştirak edə bilməz. Çünki onun adı iştirak ərizəsinə daxil edilməyib.
Əldə etdiyimiz məlumata görə, Manafovla bağlı noyabrın 19-da AFFA-ya rəsmi şikayət məktubu göndərilib. Mübahisələrin Həlli üzrə Milli Palatalar üçün FİFA-nın təlimatlarına əsasən 20 gün ərzində məsələyə baxılmalı və yekun qərar verilməli idi.
Maraqlıdı ki, məktubun göndərilmə tarixindən 26 gün keçsə də, hələ ki, bununla bağlı hansısa qərar verilməyib. Halbuki, məktub göndərən şəxsə komitə “şikayətinizə baxılacaq”, ya da “göndərdiyiniz məktubda sənədlər düzgün deyil” cavabını göndərməlidi.
“Neftçi” ilə Kənan Manafov arasında yaranan problemli durumun nə yerdə olduğunu dəqiqləşdirmək üçün AFFA-nın hüquqşunası Rəmiş Malıyevlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında məsələ ilə bağlı bu ayın sonunda qərar veriləcəyini bildirdi: “Futbolcu ilə bağlı müraciət olunub. Klub da öz mövqeyini bildirəndən sonra komitə yığışıb, öz qərarını açıqlayacaq. Qərarın bu ayın sonuna qədər qəbul olunacağı gözlənilir. Məsələ yubanmayıb.
Bunun öz spefikası var. Bir gün gec, bir gün tez – məsələ öz həllini tapacaq. “Neftçi”yə məktub göndərəndən sonra klubla əlaqə saxlamışam. Klubun cavabı ən geci bu həftə bizdə olacaq. Bilirsiz, burada iki tərəf var: futbolçu və klub. Biz də burada hakim rolunu oynayırıq. Sənədlərə baxılacaq və ona uyğun da qərar qəbul olunacaq”.
EMİN SƏFƏROV