“Bakcell Arena”da “Neftçi”nin qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubuna keçidi ilə bağlı mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, konfransda iştirak edən paytaxt klubunun vitse-prezidenti Elnur Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb:
“Neftçi”də gənc futbolçuların inkişafına xüsusi həssaslıqla yanaşılır. Klub prezidenti Sadıq Sadıqov şəxsən Emil Balayevin “Ayntraxt” klubuna keçidinin baş tutması üçün hər cür köməklik göstərdi. Klub rəhbərliyi çalışır ki, Emil kimi gənclərimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etsinlər. Biz “Neftçi” klubu olaraq ümumilikdə Azərbaycan futbolunun inkişafına çalışırıq. Emil Balayevə gələcək karyerasında uğurlar arzulayırıq”.
Daha sonra Balayev transferi ilə bağlı danışıb:“Klub rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin reallaşması üçün nə lazımdırsa, etdilər. Bütün sənədlər vaxtında Almaniyaya göndərildi. Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, göstərilən etimadı doğruldacağam”.
Qeyd edək ki, Frankfurt təmsilçisi azərbaycanlı qolkiperlə 1,5 illik müqavilə imzalayıb.