Topaz Premyer Liqasının 17-ci turunda doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran”da müəmmalı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, cənubluların bolqarıstanlı yarımmüdafiəçisi Qalin İvanov komandanın düşərgəsini tərk edib. 
 
Yayılan məlumata görə, futbolçunun belə addım atmasına  klubda olan maddi sıxıntı səbəb olub. Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da Qalin İvanovun itkin düşməsini təsdiqlədi:  
 
“Qalin İvanov dünənki məşqdə iştirak etməyib. Futbolçular oyuna 3 gün qalmış komandaya qoşulur. Hazırda biz onunla əlaqə yaratmağa çalışırıq. Zənglərimizə də cavab vermir. Bu gün də gözləyəcəyik görək, məşqə qatılır, yoxsa yox. Məşqə qatılmasa, məsələni araşdıracağıq. Hüquqi cəhətdən nə tədbir lazım olsa, onu da görəcəyik. Hər kəs bilir ki, “Xəzər Lənkəran”da heç vaxt maddi problem olmayıb. Amma müəyyən gecikmələr ola bilər. Futbolçular öz maaşlarını alırlar. Komandanın üzvlərinə bir neçə tur öncə pul cəzası verildi. Elə futbolçu da var ki, bu cəzanı qəbul edə bilmir. Hər bir futbolçu maaş, mükafat aldığımı kimi, cəzaya da hazır olmalıdı”.
Shares: