Dünənin dostları, bugünün küsülüləri; dünənin ortaqları, bugünün düşmənləri; dünənin müttəfiqləri, bugünün ittihamçıları…
 
Dünənə kimi sakitcə əyləşib əfvini gözləyən Anar Salmanov bir qərarla bomba kimi partladı. Öz günahı üzündən Premyer Liqa oyunlarından uzaqlaşdırılan FİFA referisi beynılxalq dərəcəsi əlindən alınan kimi indiyədək day-dayı olan Xaqani Məmmədovu yaş yuyub quru sərdi.
 
Salmanovun AFFA Hakimlər Komitəsinin sədri haqqında telekanallarda, qəzetlərdə və saytlarda dedikləri çox maraqlı, amma eyni zamanda məntiqsizdi. O, adını Azərbaycanı 2015-ci ildə FİFA referisi kimi təmsil edəcək hakimlərin siyahısında görməyincə bunları dilə gətirib: “Ayyarım qabaq mənə deyildi ki, adını FİFA-ya göndərmişik, Azərbaycanı yenə beynəlxalq oyunlarda təmsil edəcəksən. Adımı siyahıda 3-cü hakim kimi göndərdiklərini dedilər. Amma indi baxıram ki, FİFA-nın siyahısında adım yoxdu. Burada FİFA-lıq bir şey yoxdu. Onların həvalə etdiyi bütün oyunları idarə edib, yaxşı qiymətlər almışam. Bu, sırf Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işidi. O deyə bilər ki, Anar ilyarımdı çempionat oyunlarını idarə etmir. Yəni, bunu əlində “kozır” tuta bilər. Bəs necə olur ki, çempionatda 2 dəfə “2” qiyməti alan Orxan Məmmədovun adını FİFA-ya göndərib? Necə olur bu – mənə başa salsın”.
 
Salmanov bu açıqlamasında az qala bütün səbəbləri özü deyir, sonra isə narazılığını bildirir. Normal məntiqi, düşüncəsi olan adam ilyarımlıq fasilədən sonra ümumiyyətlə, karyerasını bitirməlidi, nəyəsə iddia etməməlidi. Görəsən, Salmanov elita oyunlarından niyə kənarda qalmasının səbəbindən niyə danışmır?
 
Anar bəyin növbəti açıqlamasına baxaq: “Adımı göndərib, amma 4-cü hakim kimi. FİFA isə ilk 3 hakimin adını təsdiqləyir. Xaqani müəllim mənim yox, cəmi 1 ildi hakimlik edən Orxan Məmmədovun adını 3-cü hakim kimi göndərib. Bu, Hakimlər Komitəsinin mənə qarşı qərəzi deməkdi. İtirən Anar Salmanov və Azərbaycan futbolu oldu. Mən FİFA-nın talant qrupunun ikinci kateqoriyalı hakimiyəm. Axı, necə FİFA hakimliyindən kənarlaşdırıla bilərəm? Bununla, Azərbaycan hakimliyi 10 il geri düşdü”.
Öncə vurğulayaq ki, Salmanovun həmkarı haqda dedikləri yolverilməzdi. Bu, nə peşə əxlaqına, nə də insani münasibətlərə sığır. Onun telekanalların birinə dediyi “Yerimə layiqli biri göndərilsəydi, məni bu qədər yandırmazdı” fikri ümumiyyətlə, absurddu. Əvvəla, Orxan səndən daha layiqlidi ki, il ərzində daha çox oyun idarə edib, reytinqi daha yüksəkdi. İkincisi də, sən kimsən ki, FİFA referiliyindən çıxarılmağınla Azərbaycan hakimliyi 10 il geri düşsün. Sən hələ arıqlamağa, ingiliscə normal danışmağı, digər fiziki qüsurlarını qaydaya sal, sonra nədənsə danış. Bundan başqa, sənin hansı “istedad”a sahib olmağını bütün Azərbaycan görüb. Salmanov, sən o istedadın sahibisən ki, cərimə meydançası kənarında olan qayda pozuntusunu penalti kimi dəyərləndirib qardaşının çalışdığı “Neftçi”nin “Qarabağ”ı yenməsinə tıhfə vermisən. O səhvdən sonra hansısa istedaddan da danışırsan?
 
FİFA-nın istedadlar qrupuna düçüb nə etmisən ki? 5 illik beynəlxalq karyeran zamanı 25 qarşılaşmada fit çalmısan. 2 U-21, 4 U-17, 8 U-19 komandalarının oyunları sənə həvalə olunub. Millilər səviyyəsində İspaniya və Səudiyyə Ərəbistanı arasında yoldaşlıq matçını (5:0) idarə etmisənsə, 2 seçmə oyunda – Avro-2012-də Belarus – Lüksemburq, DÇ-2014-də Çexiya – Malta qarşılaşmaları sənə həvalə olunub. 1 Çempionlar Liqası, 5 Avropa Liqası matşında isə “istedad”ını elə nümayiş etdirmisən ki, səni təsnifat mərhələsindən o yana buraxmayıblar.
Utanmasan, oynamağa nə var?
 
Anar bəyə cavab verən Xaqani Məmmədovun fikirləri də maraqlıdı: “Anar Salmanov deyir ki, 2 dəfə “2” alan hakimin adını FİFA-ya göndərmişik. Onun yadına salım ki, 2012/13 mövsümündə özü də “2” almışdı, buna rəğmən, biz onun da adını siyahiya daxil etmişdik”.
Sədrin sözündəki hikmətə bax! Sanki yaxşı iş görüb. Elə Xaqani bəyin qanunsuz əməllərinin nəticəsidi ki, indi oğru elə bağırır ki, doğrunun bağrı çatlayır. Niyə göndərmişdin, Xaqani bəy? Əgər son 1 ildə yüksək liqadakı idarəçilik etməyibsə, nəyə görə onun adı – 4-cü kimi də olsa – ümumiyyətlə, o siyahıya salınıb?
 
…Onları həmişə stadionda cüt görərdik. Bir-biri ilə çox mehriban idilər. İndi isə hətta AFFA koridorlarında əlbəyaxa döyüşə çıxır, mətbuatda atışırlar. Halbuki ikisi də günahkardı – biri səhvlərinə, digəri səhvlərə rəğmən, ona etimad göstərdiyinə görə.
 
FƏRİD
Shares: