Frankfurt “Ayntraxt”ı ilə müqavilə bağlayan Emil Balayev üçün elə bir yolasalma mərasimi təşkil etdilər ki, sanki Manuel Noyeri əvəz etməyə gedir. Təmtəraq, mətbuat konfransı, nə bilim nə?
“Neftçi”dən canını qurtarıb gedən bu cavan oğlanın bundesliqada möhkəmlənəcəyinə ümid edirik. Ürəkdən onun uğurlu çıxış etməsini, digər həmyerlilərimizə yol açacağını gözləyirik.
Onun perspektivini, bacarığını müzakirə etmək niyyətində deyiləm. Mənə təsir edən bu gəncin transferindən faydalanmaq istəyənlərin gülünc addımlarıdı. Sanki “Neftçi”nin vutse-prezidenti Elnur Məmmədov komandaya gəldiyi 2 aydan bəri nəsə cadu edib, futbolçunu bu səviyyəyə qaldırıb ki, utanmaz-utanmaz onun mətbuat konfransında da cəh-cəh vurur. Halbuki…
“Neftçi” yalandan özünü reklam etməsin. Bu klub gənc istedadların məzarlığıdı. Araz Abdullayev də belə təmtəraqla “Everton”a göndərilmişdi. Sonrası nə oldu? Bir müddət Yunanıstanda sürünüb, yenidən Bakıya qayıtdı. Sadəcə, onda şəkil çəkdirən prezident Sadıq Sadıqov idi, indisə onun səlahiyyətlərini əlindən alan Elnur Məmmədov.
Samir Məsimovu ehtiyatda çürüdən, Kənan Manafovun karyerasını məşq edə-edə bitirən və daha necə gənci sanki həbsxanada saxlayan “Neftçi” Emil üçün nə edib ki, indi onun Almaniyaya getməsini öz adına çıxır? Daim aşağı divizion klublarına icarəyə göndərməklə, yoxsa ehtiyatda oturtmaqla?
Əsas heyətdə yalnız son 2-3 oyunda forma geymiş Balayevi “Ayntraxt”ın skautlarının seçmədiyinə də əmin olun. Noyabrın 26-dan dekabrın 12-nə kimi “Ayntraxt”ın düşərgəsində baxışda olan bu gəncin transferi yalnız və yalnız kiminsə məsləhəti ilə reallaşa bilərdi. Bildiyimiz qədəri ilə ona bu işdə milli komandalarımızın qapıçılarla işləyən sabiq məşqçisi Uli Ştayn kömək edib. Ona görə də “Neftçi” yalandan özünü reklam etməsin. Onların bu transferdə zərrə qədər də xidməti yoxdu.
Volqoqradda doğulan və bu oyunun sirrlərini Rusiyada öyrənən Balayev indiyədək cəmi 16 matçda forma geyib. 4 dəfə “Neftçi”, 8 dəfə “Araz Naxçıvan”, 4 dəfə gənclər millisində. Sizcə, “Ayntraxt” onu bu cür zəngin karyerasına görə seçib, yoxsa Ştaynın xahişinə görə?
AĞA