Əvvəllər futbolçularımız Türkiyədə Superliqa təmsilçilərində top qovurdularsa, son vaxtlar onların PTT 1-ci Liqasındakı hər çıxışını sanki qəhrəmanlıq kimi qiymətləndiririk. Digər tərəfdən, futbol ictimaiyyətimizdə bu çempionatı oyunçularımızın son ümid yeri adlandıranlar da az deyil. Artıq ölkədə belə fikir formalaşıb ki, elitamızdakı iddialı klubların bəyənmədiyi, iddiasız komandalarımızda isə forma geyinməyi özünə yaraşdırmayan futbolçularımız üz tutacağı yeganə məkan Türkiyə PTT 1-ci Liqasıdı.
 
Əvvəllər yığmamızın bir neçə üzvü qardaş ölkənin güclülər dəstəsində mübarizə aparsa da, çempionata tutuna bilməyib, vətənə qayıtmışlar. Bəs bu uğursuz qayıdışların səbəbi nədi? Elə Vaqif Cavadovun “Tvente”də (Hollandiya) ilk məşqinə çıxarkən, zədələnməsi və bir aylıq sıradan çıxması oyunçularmızın keyfiyyətini göz önünə sərir.
Həmyerlilərimiz arasında Türkiyə macərası qısa çəkən o qədər futbolçu var ki… Adama elə gəlir, onlar yalnız səyahət məqsədiylə həmin klublara üz tutublar. Təbii ki, içlərində ad olaraq samballıları da var. Elə başlayaq millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdan. O, müvafiq olaraq “Kayserispor” (2005-2006), “Kocaelispor” (2008-2009), “Əskişəhərspor” (2010-2011) klublarında sadəcə bir mövsüm qalıcı ola bilib. Təcrübə baxımından əhəmiyyətli olsa da, Rəşadın klublararası bu “gəzintisi” onun Türkiyədə tutuna bilmədiyindən xəbər verir.
Daha bir “Qarbağ”lı futbolçu İlqar Qurbanovun gənclik illəri (2000-2004 “Fənərbağça”nın əvəzedicilərində oynayıb) parlaq olsa da, Superliqada qalıcı olmağı bacarmayıb. Millimizin üzvü Cihan Özkaranın hazırki klubu olan “Sivasspor”a (2007-2009) yollanan İlqar burada 1 il ərzində keçirdiyi 11 oyunda qapı torunu cəmi bir dəfə silkələyə bilib. O, Sivas təmsilçisinə məxsus olsa da, “Boluspor”un heyətində (2008-2009) icarə əsasında meydana çıxaraq, 19 oyunda 3 dəfə fərqlənməyi bacarıb. Həmyerlimizin düşüşü davam edib və o, “Məsin İdman Yurdu”na transfer olub. Buradakı nəticəsi daha bərbad alınıb; 7 oyun, 0 qol. Beləcə İlqar çörək pulu qazanmaq üçün yenidən vətənin yolunu tutub.
Millimizin sabiq üzvü Rail Məlikovun barıtı bir atımlıq olub. Bu mövsüm “Dənizlispor”un heyətində cəmi bir oyuna çıxan Rail özbaşınalıq etdiyi üçün klubdan qovuldu. 
Bu siyahıda millimizin üzvləri Vaqif Cavadov və Ufuk Budakla “Qaziantep BB”də komanda yoldaşı olan gənc Rəhman Hacıyev də var. Təəssüf ki, o da potensialını sərgiləyə bilməyərək, ölkəmizə qayıtdı. Qaziantep təmsilçisində 5 dəfə meydana çıxan Hacıyev bu oyunların heç birində fərqlənə bilməyib. İndi isə yarımmüdafiəçinin “Neftçi”yə transferi gündəmdədi.
Yığmamızın yarımmüdafiəçisi Cavid İmamverdiyev isə digərlərindən fərqli olaraq, “Elazığspor”dan ayrılmaq istəyini özü dilə gətirib. Görünür, klub prezidenti Səlçuk Öztürkün onun oyunundan razı qalmaması futbolçunun gözünü qorxudub. 24 yaşlı oyunçu Elazığda keçirdiyi 12 qarşılaşmada cəmi 2 dəfə qol vurmağa nail olub. Hazırda Azərbaycanda olan Cavidin elə burada, “Neftçi”də də qalacağı gözlənilir. Amma arada bir problem var. Səlçuk bəy futbolçunun keçidinə maneə yaratmamaq üçün ondan transfer haqqını gətirməsini qəti şəkildə tələb edir. İcarənin müqaviləsinə əsasən İmamverdiyev cari mövsümün sonuna kimi PTT 1-ci Liqa təmsilçisində qalmalı idi. Deyəsən, qışda qayıtmaq həm “Neftçi”yə, həm də Cavid İmamverdiyevə baha başa gələcək.
Ümumilikdə, bu siyahını uzatmaq olar. Amma görünür ki, hələ futbolçularımız uzun müddətli legioner həyatına öyrəşməyiblər. Hələ söhbət Türkiyədən gedir. Belə götürəndə Emil Balayevin işi daha çətin olacaq. Yol uzaqdı. Avropanın əsas dayağı sayılan Almaniyaya. Ümid edirik ki, Emil orada ən azından qalıcı olmağı bacarar. Heç olmasa, eyni komandada 3-4 normal mövsüm keçirər və digər həmkarları kimi 2-3 oyuna çıxıb, qayıtmaz.
SEYMUR KƏRİMLİ
Shares: