Türkiyə "Beşiktaş"ının ulduz futbolçusu Demba Ba yanvarın 17-də Ekvatorial Qvineyada start götürəcək Afrika Millətlər Kubokunda iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb təcrübəli hücumçunun Seneqal milli komandasına çağrılmaması olub.
Bu səbəbdən də Ba yığmaya rəhbərlik edən baş məşqçi Alen Jiresi sərt şəkildə tənqid edib: “Baş məşqçi ilə deyil, kukla ilə çalışırıq. Çünki bəzi qərarları onun vermədiyi açıq-aşkar görünür. Tunisdə uduzduğumuz oyundan sonra çaş-baş halda soyunub-geyinmə otağına gəldi. Hardan başlayacağını özü də bilmirdi. İllər öncə ayağım qırılmışdı. Daha sonra 3-4 il İngiltərədə futbol oynadım. Zədə səbəbindən ən çox 2 oyunda çıxış etməmişəm. Nə "Nyukasl”, nə də "Çelsi"də zədəyə görə oynamadığımı xatırlamıram. "Beşiktaş"da isə 2 yüngül zədəm oldu. Jires məsuliyyəti zədənin üzərinə atmamalıdı. Bu mövsüm avrokuboklarda 8 qol vurmuşam. Superliqada da fəqlənməyi bacarıram. 3 gündən bir oynaya bilməyəcəyimi deyir. Bəhanə gətirməkdənsə, əsaslı səbəblər tapmalıdı".
Qeyd edək ki, Seneqal qitə kubokunun C qrupunda Qana, Əlcəzair və CAR milli komandaları ilə mübarizə aparacaq.