“Qəbələ” klubunun futbolçuları 2014-cü illə bağlı xatirələrini və 2015-ci ildəki arzularını dilə gətiriblər. Futbolinfo.az həmin açıqlamaları sizə təqdim edir.
 
Kamran Ağayev: "2014-cü ildə bir çox xoşagəlməz hallarla rastlaşdım. Zədələrdən çox əziyyət çəkdim. Hətta futbol karyeramı bitirmək barədə də düşünmüşdüm. Amma bu hallar mənə şükr etməyi, çətin vəziyyətlərdən çıxmağı öyrətdi. “Qəbələ”dəki sağlam mühit də futbol həyatımın davam etməsinə vasitə oldu. Hələ ki, heç nə itirilməyib. Futbol oynayırıqsa, hədəflərimiz var. 2015-ci ildə özümə və komandama bu hədəflərə çatmağı arzulayıram".
Dodo: "2014-cü il “Qəbələ”ni mənə biraz da doğmalaşdırdı. Doğma komandamda 4-cü ilimi tamamladım. Arxada qoyduğumuz il xoş xatirələr və böyük həyəcanla yadda qaldı. Premyer Liqanın bürünc medallarını qazandıq, Azərbaycan Kubokunun finalına qədər irəlilədik, ilk dəfə Avropa Liqasında çıxış etdik. “Qəbələ” ilə bu ilkləri yaşamaq çox gözəl idi. Şəxsi həyatımda da yaddaqalan hadisələr baş verdi. Atalıq sevinci yaşadım, oğul övladım dünyaya gəldi. Növbəti – 2015-ci ilin də uğurlu olmasını arzulayıram. “Qəbələ”ni layiq olduğu yerlərə daşımağa borcluyuq. İstəyirəm ki, komandamız yenidən Avropa miqyaslı turnirlərdə oynamaq hüququ qazansın. Və biz bu şansdan layiqincə yararlanaq".
Cavid Hüseynov: "2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə “Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən eks-komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu – “Qəbələ”yə keçidim reallaşdı. Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm".
Elvin Camalov: "2014-ci il futbolçu karyeramda ən yaddaqalan illərdən oldu. Məhz bu zaman kəsiyində əsas komandada möhkəmlənməyə başladım, ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Qəbələ”nin heyətində beynəlxalq oyunlara çıxdım, Azərbaycan U-21 yığmasına dəvət aldım. Ötən mövsüm çox oyun keçirməsəm də, o heyətdə yer almaq mənə çox şey qazandırdı. Hazırda olduğum yerdən çox razıyam. “Qəbələ”nin üstümdə əməyi çoxdur. Oyunumla, intizamımla mənim üçün çəkilən zəhmətin qarşılığını verməyə çalışıram. Komandamızda yeni baş məşqçi var, yeni ildə yeni səhifə açacağıq. İnanıram ki, o səhifədə mənim də adım olacaq. 2015-ci ilin karyeramda yüksəliş ili olmasını arzulayıram".
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında 2014-cü ili 19 xalla 6-cı sırada başa vurub.
Shares: