2014-cü ilin, AT ilinin son saatlarını yaşayırıq. Arxada buraxdığımız ildə futbolumuzda kim kimə ATdı, kim kimi AT kimi çapdı – bu, hər kəsə bəllidi. Biz ATamanlıq edənləri də, vicdanını pula sATanları da çox yaxşı tanıyırıq. Təəssüflər olsun ki, geridə qalan ildə heç də hamı futbolumuza maraq oyATmaq üçün çalışmadı.
AT ilində Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” Avropa Liqasında AT oynatdı. “ATlılar” çapa-çapa çempion oldu. Əcnəbilərin bir araya gəldiyi “İnter” sonuncu pillədə başladığı mövsümün axırında gümüş medallara sahib çıxaraq bir çoxlarını mAT-məəttəl qoydu. “İnter”lə zATı bir olan “Simurq” da öz missiyasından əl çəkməyərək, “bankirlər”in gümüş medallar qazanmasına öz qATqısını verdi. “Bakı”nın prezidenti Hafiz Məmmədovun pulu, “Xəzər Lənkəran”ın gəmiləri bATdı.
“Neftçi” aparıcı futbolçularını sATdı, gəncləşdirmə siyasətinə əl ATdı. Neftin bu kluba yATırılan pulları beləcə ciblərə axıdıldı. Hər dəqiqə klubun mühafizəsi üçün özünü önə ATan Tahir Süleymanov vitse-prezidentlik kreslosundan getdi. Onu AFFA-nın baş katibi Elxan Məmmədovun yetirməsi olan Elnur Məmmədov əvəz etdi ki, heç bunu özü də yATıb yuxusunda görsə, inanmazdı.
“Qəbələ” mövsümün sonlarına qədər fil qulağnda yATdı. Sona yaxın arzusuna çATaraq bürünc medalları boyunundan asdı, tarixində ilk dəfə Avropa səhnəsinə çıxaraq arzusuna çATdı. ÇempionATın gedişATında turnir cədvəlinin axırıncı pilləsinə dəmir ATan “Sumqayıt” Premyer Liqada son anda qalmağı bacardı. Çoxgedişli “kombinasiyalar” “Rəvan”ı birinci diviziona yuvarlATdı.
AZAL yenə onlarla əcnəbi futbolçu aldı və sATdı. Ənənəsinə sadiq qalan “təyyarəçilər” olduqları yerdə qaldı, göyün yeddinci qATına qalxa bilmədi. Və Premyer Liqaya yeni sima – “Araz Naxçıvan” gəldi, o da mövsümün gedişATında hər kəsə ATdı!
Çin təqviminə görə, qarşıdan gələn il QOYUN üzərindədi. Digər sahələrdə olduğu kimi, sözsüz ki, bir çoxlarımız QOYUN ilinin futbolumuz üçün düşərli olub-olmayacağını maraqla gözləyir. Ancaq narahatlığa heç bir əsas yoxdu. Əlinizi qulağınızın dibinə QOYUN!
Qədim tarixi mənbələrə görə, Azərbaycanda QOYUNçuluq hər zaman geniş yayılıb. Bu da onu sübut edir ki, futbolumuzda “qəssablıq” edənlərin kimlərisə QOYUN yerinə qoyması heç də təsadüfdən irəli gəlmir. Ümumiyyətlə, biz elə qarışıq xasiyyətə malik insanlarıq ki, hətta Qurban bayramında savab iş görmək məqsədi ilə kəsdiyimiz QOYUNun adını, bəzən özünü kütbeyin kimi aparan insalara deyirik.
Amma onu da qəbul etmək lazımdı ki, QOYUNların belə otlamayacağı stadionlarda futbol üzrə Azərbaycan çempionATlarının keçirilməsi heç də asan iş deyil. Onu da qəbul edirik ki, təzyiq qaldıran QOYUN ətinin 1 kq-nın qiyməti 10 manata olduğu bir vaxtda Premyer Liqada 9 komandanın olması ürəkaçan deyil. Astroloqlara inansaq, QOYUN ilində bolluq olur, insanlar yaxşı işlər görməyə cəhd edir. İnanaq, QOYUN ilində oyunlardan çıxılmayacağına inanaq…