Topaz Premyer Liqasında qeyri-sabit çıxışı ilə diqqət çəkən "Bakı" heyətlə bağlı islahatlara start verib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu litvalı yarımmüdafiəçi Mindauqas Kalonası transferə çıxarıb.
 
Qeyd edək ki, yayda "Rəvan"dan "Bakı"ya keçən Kalonas "zolaqlılar"ın heyətində ən yaxşılardandı. O, 2013-cü ilin nəticələrinə görə, hətta öz ölkəsində ilin ən yaxşı futbolçusu da seçilib. Buna baxmayaraq, "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov və hücumçu Rauf Əliyevlə yola gedə bilməməsi klub rəhbərliyinin onu transferə çıxarmasına səbəb olub.
 
Əvəzində qışda komandadan ayrılacağı gözlənilən digər yarımmüdafiəçi Cavid Hüseynov komandada qalacaq. Hazırda zədəli olmasına baxmayaraq, millimizə də dəvət olunan futbolçunun başqa kluba göndərilməsi nəzərdə tutulmayıb.
 
Baş məşqçi Milinko Pantiçin sərəncamında görmək istədiyi yeni futbolçuların alınması yönündə atılan addımlar isə hələ ki, uğursuzdu. Serbiyalı mütəxəssis müqavilə ilə "Neftçi"yə məxsus olan, amma cari mövsümün ilk iki dövrəsində icarə əsasında "Sumqayıt"da çıxış edən müdafiəçi Slavik Alxasovun transfer edilməsini istəsə də, bu futbolçu bir neçə gün öncə "Xəzər Lənkəran"la rəsmi müqavilə imzaladı. Elə Pantiçin istədiyi digər müdafiəçi – İlkin Qırtımov da "Bakı"ya keçmək istəməyib və artıq "Simurq"la müqaviləsinin müddətini uzadıb. Bu üzdən "Bakı" rəhbərliyi digər variantları nəzərdən keçirmək məcburiyyətində qalıb.
 
Bu qış "Sumqayıt"dan icarədən qayıdan gənc futbolçu Nurlan Novruzovun isə komandada qalmayacağı dəqiqdi. Hazırda bir sıra xarici klubların da maraq dairəsində olan yarımmüdafiəçi böyük ehtimalla karyerasını başqa komandada davam etdirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp