Hələ bir neçə ay əvvəl “Bakı”da Əfran İsmayılovla Rauf Əliyev birləşməsinin klubun litvalı legoineri Mindauqas Kalonası təkləməsi barədə xəbər vermişdik. Hətta adıçəkilən futbolçularımız Kalonasın əsas heyətdə meydana çıxacağı təqdirdə oynamayacaqlarını da bildirmişdilər.
 
O vaxt hər iki tərəf bu xəbəri inkar etməyə çalışsa da, yanılmadığımızdan əmin idik. Qış transfer pəncərəsi açılar-açılmaz baş məşqçi Milinko Pantiç Kalonasa qapını göstərdi. Serbiyalı mütəxəssis onu öz komandasında görmək istəmir.
 
Etiraf etmək lazımdı ki, Kalonas Azərbaycana gələn vaqonlarla lazımsız legionerlərdən fərqlənənlər arasındadı. Adıçəkilən futbolçu ötən il ölkəsinin ən yaxşısı belə seçilib. Amma bu, “Bakı”da əsas heyətə düşmək üçün kifayət etmir. Yəqin bunun üçün Əfran və Rauf kimi "avtoritet"lərlə dostluq etmək lazımdı.
 
Kalonas klubdan gedişi ilə bağlı geniş danışmaq istəməsə də, futbolinfo.az saytına bir neçə kəlmə danışdı: “Bakı”dan getməyim dəqiqdi. Buna səbəb tək Raufla Əfran yox, həm də baş məşqçidi. Eləcə də, bütün klub. Məni niyə sevmədikləri maraqlı deyil. Hələ hansı kluba keçəcəyimi dəqiq bilmirəm. Bu, yaxın günlərdə bilinəcək".
 
Qeyd edək ki, litvalı yarımüdafiəçi ilə artıq Türkiyə və Rusiya klubları maraqlanır.
 
KƏMALƏ İSMAYILOVA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp