“Simurq”un yeni transferi, belçikalı yarımmüdafiəçi Benjamin Lambotun futbolinfo.az saytına müsahibəsi
– “Simurq”a gəlişiniz necə baş tutdu?
– Mənə təklif gəldi. Danışıqlar apardım, razılaşdıq və komandanın Türkiyədəki düşərgəsinə gəldim. Yaxşı komandadı. Özümü burada göstərməyə çalışacağam.
– Bura gəlməzdən öncə Azərbaycan haqqında nəsə bilirdiz?
– Yox, Azərbaycan haqqında heç nə bilmirdim. Amma menecerim mənə bu ölkə haqqında danışdı. Həmçinin burada oynamış bir neçə futbolçu var idi. Onlarla söhbət etdim. Ondan başqa heç bir şey bilmirdim.
– Heç bir komandamızı da tanımırdız?
– Yox, tanımırdım. Amma Emil Mpenzanın burada oynadığını bilirdim. O, bir neçə il öncə "Neftçi”də olmuşdu.
– Komandanızın çempionata hazır olduğunu düşünürsüz?
– Əlbəttə. Bizim komanda yaxşı hazırlıq keçib. Çempionata hazırıq. Düşünürəm ki, yüksələn xətt üzrə gedirik. Buhəftəki oyuna hazırıq. “Neftçi”yə qarşı yaxşı oyun göstərəcəyik.
– “Simurq”da özünüzü göstərəyə biləcəyinizə inanırsız?
– Mən inanıram ki, bu komandada yaxşı oynayacağam. Bütün oyunlarda meydanda olmaq istəyirəm. Buna ümid edirəm. Ona görə də məşqlərdə çox yaxşı çalışıram.
– “Simurq”un çempionatdakı yeri sizi qane edir?
– Hazırda 6-cı yerdə qərarlaşmışıq. Amma daha yüksək yerlərə gedə bilərik. Hətta avrokuboklarda da oynaya bilərik. Buna imkanımız var. Hər oyuna maksimum nəticə üçün çıxıb, istəyimizə nail olmalıyıq. Qarşıda hələ 18 tur var.
– Bakı şəhərini xoşladız?
– Əlbəttə. Gözəl şəhərdi. Dünən gördüm, xoşuma gəldi. Maraqlı yerdi. Böyük mağazalar, parklar var. Düşünürəm ki, heç də Avropadan fərqlənmir. Qısaca, çox xoşuma gəldi.
– Amma “Simurq” daim Bakıda qalmır…
– Bilirəm ki, komandamız daha çox Zaqatalada olur. Buradakı futbolçulardan Zaqatala haqqında soruşmuşam. Bakıdan uzaqda yerləşməsindən və rayon olmasından xəbərim var. Amma dedilər ki, ora böyük şəhərdi. Biz hələ görəcəyik. Ora gedəndən sonra konkret nəsə demək olar. Biz futbolçuyuq. Daha çox oyunumuzu, komandamızı düşünməliyik.
ELSEVƏR