Bu gün Topaz Premyer Liqasında mübarizə aparan klubların azarkeşləri bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, toplantı "Qarabağ"ın "İmarət" azad azarkeş qrupunun təşəbbüsü ilə həyata keçirilir.
 
Saat 17:00-da baş tutacaq toplantıda AZAL və "Rəvan" komandalarının fan klub rəhbərləri iştirak etməyəcək. Buna səbəb isə həmin komandaların azarkeş qrupunun olmamasıdı. Qalan 8 komandanın azarkeş rəhbərlərinin iştirakı ilə keçiriləcək toplantıda həbsdə olan "Xəzər Lənkəran" və "Neftçi" azarkeşlərinin azadlığa buraxılması üçün müvafiq orqanlara müraciət olunması müzakirə olunacaq. Saytımıza açıqlama verən "İmarət"in rəhbəri Xaləddin Bayramov toplantı ilə bağlı bunları bildirib:
 
"Toplantını keçirməyimizdə əsas məqsəd azarkeşlər arasında stadionlarda baş verən neqativ halların qarşısını almaqdı. Bundan başqa həbsdə olan "Xəzər Lənkəran" və "Neftçi" azarkeşlərinin azadlığa buraxılması üçün azarkeşlər adından müvafiq orqanlara müraciət ünvanlamağı müzakirə edəcəyik. Çünki onların niyyəti xuliqanlıq olmayıb. Xahiş edirəm ki, AFFA da azarkeşlərin işinin yüngülləşdirmək üçün bizə dəstək versin. Həmçinin də azarkeşlərin stadiona az gəlməsinin səbəblərini də müzakirə edib, həlli yolunu tapmağa çalışacağıq".
Shares: