Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Azərbaycan futbolunun problemlərini bir daha gündəmə gətirdi. Stadionların qar örtüyündən təmizlənməsinə çalışan klublar daha bir problemlə üzləşib. Elita təmsilçilərinin başı qırmızı topa qarışıb.
Qayda belədi ki, meydanda qar oldusa, oyun qırmızı rəngli toplarla keçirilir. Bəs, PFL elita təmsilçilərini hansı toplarla "oynadır"?
Premyer Liqada oynanılan CAFUSA toplarına nəzər salaq. Kiçik bir araşdırmadan sonra məlum oldu ki, bu model sırf Konfederasiyalar kuboku üçün hazırlanmış toplardı. Turnir isti aylarda keçirildiyi üçün qırmızı toplara ehtiyac olmayıb. Lakin CAFUSA-nın qırmızı rəngdə olan topları da var. Bir məqam var ki, bu qırmızı variantlar futzal və çimərlik futbolu üçün nəzərdə tutulub. Bundan başqa bu modelin qırmızı rəngdə olan dekorativ toplarına da rast gəlmək olur.
Azərbaycanda klublar topları PFL-dən alır. Belədə maraqlı bir sual ortaya çıxır: futbol qurumu klubları hansı toplarla təmin edir? Məsələni dəqiqləşdirmək üçün əvvəlcə 19-cu turda ev sahibləri olan klubların mətbuat xidmətlərinin rəhbərləri ilə əlaqə saxladıq…
Nurlan İbrahimov (Qarabağ): "Biz qarlı havada oynamaq üçün top almışıq. ADİDAS firmasına məxsus olan aldığımız toplar qırmızı rəngdədi və PFL-dən qış üçün bu rəngdə top almamışıq. Hamısı klub hesabına alınıb. Əgər lazım gələrsə, sabah oyun qırmızı toplarla keçiriləcək".
Gündüz Abbaszadə (Neftçi): "Biz oyuna tam hazırıq. Heç bir problemimiz yoxdu. Qarlı havada oyun üçün nəzərdə tutulan qırmızı toplarımız da var. Düzdü, həmin toplar CAFUSA modeli deyil. Amma ADİDAS firmasına məxsus toplardı. O ki, qaldı qırmızı CAFUSA toplarına, konkret olaraq bizə qarlı hava üçün nəzərdə tutulan bu modellər nə təqdim olunub, nə də təklif".
Səbuhi Məmmədov (İnter): "Meydan yaşıl olanda qırmızı topa ehtiyac olmaz. Bizdə meydan yaşıldı, top da ağ. Həmçinin onu da qeyd etmək isətyirəm ki, bizim meydanda ya qar olur, ya da olmur. Çünki qarı təmizləyib saxlamaq üçün meydanın kənarında yer yoxdu".
İsgəndər İsgəndərov (Bakı): "Komandalara top veriləndə komplekt şəkildə verilir. Bunlar sarı, qırmızı və ağ rəngdə olur. Komissiya stadionu yoxladıqdan sonra hansı rəngli topun oynanılmasına qərar verir. Buna sabah aydınlıq gələcək. Bizim KAPPA ilə müqaviləmiz var. Bizim klubu onlar topla təmin edir. Bir məsələ var ki, oyunlarda biz ancaq PFL-in toplarından istifadə edə bilərik. Yenə də buna sabah qərar veriləcək".
Rəşad Məmmədov (Sumqayıt): "Bizim qırmızı toplarımız var. Mövsümün əvvəlində əsas və əvəzedici komanda üçün toplar sifariş edirik. Hər komandaya 10 ədəd qırmızı top alınır. Biz topları PFL-dən sifariş edirik. Toplarımız CAFUSA modelidi".
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə hər hansı problem olmadığını bildirdi: "Qırmızı topla bağlı heç bir problemimiz yoxdu. Bizim anbarda da həmin toplardan var. Topun görünməsində problem yaranarsa, həmin qırmızı toplardan istifadə olunacaq. Biz bu topları klublara verməli deyilik, komandalar özləri almalıdı. Hələ klublar verdiyimiz digər topların pulunu verməyiblər. Qırmızı toplar CAFUSA modelidi. Sabah klublarla əlaqə saxlayacağıq. Əgər lazım gələrsə, o zaman klublara qırmızı toplar veriləcək. Bununla bağlı problemimiz yoxdu".
RÖVŞƏN ƏHLİMANOĞLU