"Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mustafa Dənizli özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya yerləşdirilib. Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. İlk 11-liyi Mustafa Dənizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram”.