"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Xəzər Lənkəran”ı qələbə münasibəti ilə təbrik edirəm. Təbii ki, biz də qalib gəlmək istəyirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar, onlara iradım yoxdu. Komanda 90 dəqiqə ərzində gücünü düzgün bölə bilmədi. 3-4 turdan sonra futbolçuların lazımi formada olacağını düşünürəm. Rəqibi Antalyada da izləmişdim, oyun üslubunda fərq yoxdur. Standart vəziyyətlərdə Skarlatakenin təhlükəli olduğunu bilirdik, amma öz qolunu vurdu. Hər iki hissəyə pis başladıq. Rəqib nəticə üçün hər şey etdi, qələbə qazandı. Təcrübəli futbolçulardan təşkil olunmuş komandadı. Komandamızın bir futbolçudan asılı olduğunu düşünmürəm. Bir neçə futbolçu olmaması oyun sisteminə təsir edir”.