“Stadionu bağlayıb, yerində eşşək ferması açacam” – bu hədə dolu ifadə “Xəzər Lənkəran”ın hazırda fəxri prezidenti olan Mübariz Mənsimovun dilindən çıxmışdı. O gündən bəri şəxsən mən həmişə cənublu fanatların qürur mənbəyinə çevrilən kluba görə narahatlıq hissləri keçirmişəm. Qorxmuşam ki, olmadı belə, oldu elə, Mübariz bəy yenidən hansısa uğursuz nəticədən qeyzə gəlib, klubu buraxmaq, stadionun yerində “Pal Süd”ü xammalla təmin etmək üçün ferma açmaq fikrinə düşə bilər.
 
Prossesləri yaxından izləyənlərin xəbəri var ki, bir neçə dəfə bu cür təhlükə “Xəzər Lənkəran”ın başı üzərini qara buludlar kimi alıb. Əsasən də avrokuboklarda yaşanan hansısa uğursuzluqlardan sonra. Bir müddət əvvəl cənab Mənsimovun dilindən şok açıqlamaya bənzər növbəti açıqlamaları eşitdik: “Hər il kluba 20 milyon pul xərcləyirəm. Nəticə yoxdu, pulum gedir, ən çox narahat olan mənəm”.
 
Ölkə xaricində biznes fəaliyyəti ilə məşğul olan, sərvəti milyard dollarlarla ölçülən birisi üçün 20 milyon qəpik-quruş sayıla bilər. Amma Azərbaycan reallıqlarından, ələlxüsus futbol klublarının büdcələri baxımından bu rəqəm heç də kiçik sayılmamalıdı. Üstəlik, “Xəzər Lənkəran”ın qazandığı, daha doğrusu qazana bilmədiyi nəticələrə baxanda adamın bu pula lap çox heyfi gəlir. Pul var, şərait var, azarkeş var, yaxşı çalışdırıcılar da həmişə olub. Bəs çatışmayan nədi?
 
Bilirəm, indi lənkəranlı azarkeşlərin dilindən qopan ilk kəlmə “bizə qarşı haqsızlıqlar var, hakimlər bizi sıxır” oldu. Amma əyri oturub, düz danışsaq, bu iddianın bir qədər şişirdildiyini görərik. Ən azından ona görə ki, daxili yarışlarda az-çox nəsə əldə edən “gəmiçilər” qitə səhnəsinə çıxan kimi fırtınaya düşüb, qayalara çırpılırlar. Deməli, problem heç də yerli hakimlərin komandaya münasibəti deyil. 10 yaşını bu il tamamlayan klub hələ də uşaq komandalarının yetişdirdiyi bircə istedadıyla öyünə bilmirsə, daha ciddi problemlər üzərində baş sındırmaq lazımdı.
 
Bu yaxınlarda “Xəzər Lənkəran” rəhbərliyinin Masallıdakı stadionda yenidənqurma işlərinə başladığı, qonşu rayonda klubun futbol akademiyasını açmaq fikrində olduğu haqda xəbərlər yayıldı. Görünür, uzun illərdən sonra Mənsimov qardaşları “Xəzər Lənkəran”ın bünövrəsiz evə çevrildiyinin fərqinə varıblar. Hər nə qədər bahalı legionerlər gətirib, onları Mustafa Dənizli kimi bacarıqlı mütəxəssisin sərəncamına versən də, yerli gənclərin yoxluğunda çətinlikə üzləşirsən. Qapısından hər tur qol buraxan komandada hələ də Vyekoslav Tomiçə debüt imkanı verilməyib. Belə çıxır ki, xorvatiyalı qolkiper transfer edilərkən limit problemi nəzərə alınmayıb. Yoxsa, boşuna əcnəbi gətirib, ehtiyyat oyunçular skamyasında niyə otuzdurulur?
 
Türkiyəli çalışdırıcının gəlişindən sonra cənub klubunun nəticələri o qədər də pis deyil. Amma bunu yalnız Toşakın dövrüylə müqayisədə demək olar. Komandanın durumu acınacaqlı görünməsə də, qış fasiləsindən sonra “Fırtınalar meydanı”nda azarkeşlər qələbəyə həsrət qalıb. Mustafa hocanın “qarşılaşdığımız rəqiblər hamısı bizdən yuxarıda yer alanlardı” sözləri isə bəhanə qoxusu verən bəraət cəhdindən başqa bir şey deyil. Keçmişə görə klub rəhbərliyini çox da asıb-kəsmək fikrində deyiləm. Əsas olan bundan sonra strategiyanın düzgün qurulmasıdı. Masallıda açılacaq akademiya kimə həvalə olunacaq? Həmin akademiyaya da rəhbərliyi Mais Mənsimov edəcəksə, nikbinliyə əsas yoxdu. Qardaşlıqla peşəkarlığın ziddiyyəti illərdi ki, “Xəzər Lənkəran”ı geriyə atır.
 
Mübariz bəyin ildə 20 milyon pul ayırdığı “Xəzər Lənkəran” fırtınalı dənizdə ləngər vuran gəmi kimi irəli-geri ləngər vurur. Sanki, gəminin gövdəsində dəlik var, həmin dəlikdən dolan su gəmini batırır. Gəmi kapitanı işində naşı olduğu üçün nasazlığı aradan qaldırıb, sonra yoluna davam etmək əvəzinə gəminin üst hissələrini rəngləyib-boyayır, açıq dənizə çıxır. Axı dəli dalğalar gəmini batıranda onun göyərtəsinin hansı boyayla rənglənməsinə əhəmiyyət vermir…
Shares: