Topaz Premyer Liqasında maraqla gözlənilən növbəti "Böyük oyun" baş tutdu. Futbolinfo.az xəbər verir ki, "Bakcell arena"da keçirilən oyun bu dəfə də qalmaqalsız ötüşmədi. İntizam Komitəsinin məlum qərarı səbəbindən qonaq komandanın azarkeşləri yenə arenada yox idi. Belədə, qarşılaşmanı yalnız "Neftçi" tərəfdarları izləyə bilirdilər. Lakin buna rəğmən də flaqmanı dəstəkləyənlərə qarşı asayiş keşikçiləri tərəfindən zor tətbiq edildi.
 
Əslində, "Neftçi" və "Xəzər Lənkəran"ın ifasında "Böyük oyun"a yaraşan futbol izləmədik. Matça yeganə gözəllik verən məqam ilk hissədə cənubluların qapısının arxasında komandalarını dəstəkləyən "Neftçi" axarkeşləri idi. Lənkəranda baş tutan və qalmaqalla başa çatan "Böyük oyun"dan sonra "Neftçi" tərəfi PFL və AFFA rəhbərliyinin bu komandaların oyununa biganə qalmasından şikayətlənmişdi. Görünür, məhz bu üzdən PFL prezidenti Ramin Musayev "Böyük oyun"da baş verənləri bu dəfə canlı izlədi. Lakin hər zaman "futbol azarkeş üçündü və biz onların stadiona gəlmələri üçün çalışırıq" deyən futbol başbilənlərinin gözü qarşısında azarkeşlər təzyiqə məruz qaldı. Stadiona tamaşaçı qismində təşrif buyuranlarla əsl fanat arasında fərq qoya bilməyənlər onları sıxışdıraraq, stadiondan çıxardılar. Azarkeşlərlə mitinqə çıxmış müxalifətçilər kimi davranan polislər bir daha sübut etdilər ki, ölkəmizdə heç tribunaya da azadlıq yoxdu. 
 
Düzdü, "Neftçi" azarkeşləri qonaq komandanın və onların qapıçısının ünvanına xoşagəlməz ifadələr işlədirdi. Qonaq azarkeşlər stadionda olmadığından onlara cavabı Orxan Sadıqlı özü verdi. Özü də orta barmağını göstərərək. Eyniilə Lənkəranda baş tutan oyunda "Neftçi"li Mahir Şükürov kimi. Artıq belə nəticəyə gəlmək olar ki, bu komandaların oyununu "Böyük oyun" yox, "Orta barmaq" oyunu adlandırmalıyıq.
 
Sözsüz ki, İK cənubluların qapıçısına da Şükürovda olduğu kimi, 3 oyunluq cəza verməlidi. Gənc qapıçı yalnız bundan sonra Şükürov kimi etdiyi tərbiyəsiz jestin peşmanlığını çəkəcək. İddialı komandalarda çıxış edən və buna görə sərvət qazanan futbolçular hər an bu cür hadisələrə hazır olub, peşəkar davranmalıdılar. Heç görmüsüz ki, çempionatda iddiasız olan "Rəvan" və "Sumqayıt"ın futbolçuları söyülə?
 
"Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatan görüşdən sonra demək olar ki, artıq bir daha "Böyük oyun"un şahidi olmayacağıq. Bu cür qalmaqallara görə sözügedən oyun çox kiçildi. Sözsüz ki, burada hər iki tərəfin səhlənkarlığı  danılmazdı. Görünür, heç nədən azadlıqdan məhrum olan azarkeşlərin analarının gözüyaşlı qalması tərəfləri hələ də ayıltmayıb. Oyuna rəng qatmaq üçün pirotexniki vasitələrdən istifadə etdikləri üçün stadiondan kənarlaşdırılan və  polis bölməsinə aparılan azarkeşlər artıq hər xırda azarkeş dəcəlliyinə görə həbs olunma təhlükəsini göz önünə gətirməlidi. Yaxşı olardı ki, futbolumuzun bəzəyi olanlar tribunadan həbsə yox, onları gözləyənlərin yanına getsinlər.
 
EMİN SƏFƏROV
Shares: