Futbol üzrə Azərbaycan millisinin məşqçisi Aslan Kərimovun futbolinfo.az saytına müsahibəsi
 
– Premyer Liqanın gedişatı haqda nə deyərdiniz?
– Bütövlükdə götürsək, 4 dövrəli sistemdə mənə elə gəlir ki, komandalar özlərini yaxşı tərəfdən göstərə bilirlər. Birinci yerdə gedənlə sonuncu yerdəki komandanın çox böyük fərqi yoxdu. Yəni bütün komandalar az xal fərqilə bir-birindən geri qalır. Hazırda təkcə "Qarabağ" xal fərqi yaradıb. Digər komandaların xal fərqi çox deyil. Bu da çempionatın sonuna qədər intriqanın olacağını göstərir.
 
– Demək olar ki, əksər çempionat oyunlarını izləyirsiz. Millinin hazırkı heyətindən əlavə, yığmaya hansısa gənc namizəd var?
– Bəzi gənc futbolçular var. Amma onların adlarını açıqlamaq istəməzdim. Çempionatın sonuna qədər özlərini ulduz hesab etməsinlər (gülür). Deməzdim ki, bu dəqiqə millidə forma geyinə bilərlər, amma bizim diqqətimizdədilər. Bu barədə baş məşqçiyə də məlumat verilir.
 
– Millinin sonuncu Dubay toplanışı ilə bağlı çempionatın qrafikində sıxlıq yarandı. Mövsümün sonuna yaxın ABŞ-la görüşə görə yenidən sıxlıq olacaq. Bu, klublara necə təsir edir?
– Sözsüz ki, bütün klublar istəyər ki, həftədə bir oyun oynasınlar. Amma bu, tək Azərbaycanda yox, bütün dünyada belədi. Klublar bəzən tez-tez oyun keçirir. Ölkə çempionatı, kubok oyunu və avrokuboklar nəticəsində 3 gündən bir oyun keçirirlər. Niyə bizimkilər də belə oynamasın? Millinin məşqçisi olaraq, mənə elə gəlir ki, belə olan halda futbolçuların da fiziki durumu yüksək olur və bu da bizə xeyirdi. Amma klublar oyuna ən yüksək formada çıxmaq üçün həftədə bir dəfə oynamağın tərəfdarıdı.
 
– İK-nın son qərarında Premyer Liqanın yeni mövsümdən 12 komanda ilə keçirilməsinə və komandaların 6+4+1 sistemi ilə meydana çıxmasına qərar verib…
– Bəli,  legioner limitinin azalması öz təsirini göstərək. Ən azından yerli futbolçuların sayı artırılır, bu da milli komanda üçün yaxşıdı.
 
– Bu, müsbət bir addımdı. Ancaq Premyer Liqada ötən mövsüm 12, bu mövsüm 10 komanda mübarizə aparırdısa, yeni mövsümdən 12 klub olacaq. Belə tez-tez dəyişiklik nə dərəcədə müsbət hal sayıla bilər?
– Yeni mövsümdən 12 klub olacaq. 1-ci diviziondan elitaya gələcək əsas namizəd "Araz Naxçıvan"dı. Düşünürəm ki, ikinci namizəd "Neftçala" və "Qaradağ Lökbatan"dan biri olacaq. Çünki bu klubların potensialı var. Yəni bu cür klublara qarşı davamlı oyunlar keçiriləməyib və bölgələrdə futbolun inkişafı üçün bu, böyük attımdı. Ancaq futbol baxımından desək, reqlamentin tez-tez dəyişməsi yeni sistemin axtarışı ilə bağlıdı. Avropa ilə müqayisədə bizdə futbol çox yenidi. Ən optimal variantı axtarmağa çalışırlar.
 
– Bu qədər eksperimentdən sonra hələ də oturaq bir sistem qurulmayıb…
– Bunun tək AFFA və PFL-lə əlaqəsi yoxdu. Çünki böyük bir liqa yaratmaqdan ötrü gərək bütün bölgə klublarının yaxşı infrasturukturu, büdcəsi olsun ki, onlar mübarizəyə tab gətirə bilsin. Bu səbəbdən də məncə PFL-i qınamaq düzgün olmazdı.
 
– Bu mövsümdə heç bir komanda aşağı dəstəyə getməyəcək. Sizcə, bu, elitanın son pillələrindəki klublara necə təsir edir?
– Bunun mənfi tərəfləri də var. Çempionatda hansısa klub bilirsə ki, çempionatdan düşməyəcək, o zaman əvvəlki oyununu, təzyiqini göstərmir. Ən yaxşı bu olardı ki, 2 klub elitadan getsin və aşağıdan 4 komanda gəlsin. Avropada da bu sistem var. Amma bizim 1-ci dəstədə o standartlara cavab verən klublarımız olmadığı üçün belə bir qərar verilib.
 
– ABŞ-la yoldaşlıq görüşü milliyə nə verə bilər?
– Belə deyək də, ABŞ futbolu bir çox azarkeşlərin ağlında aşağı səviyyədə sayılır. Amma dünya reytinqində ABŞ 13-cü yerdə dayanıb. Yurgen Klinsmanın çalışdırdığı komanda heç də zəif deyil. Ən azından ABŞ-a qarşı oynamaq bizim üçün böyük bir təcrübə olacaq. Digər bir tərəfdən də oyun Kaliforniyada olacaq.
 
– Yəni gəzib, ABŞ-ı görmək üçün futbolçuların vaxtı olacaq?
– Yox elə deməzdim (gülür). Amma o mədəniyyəti görmək, orada Klinsmanın komandasına qarşı oynamaq bizə çox şey verəcək.
 
– Millinin AÇ-2016-dakı qrupunu dəyərləndirərdiniz…
– Bu, mənim şəxsi fikrimdi. Mənə elə gəlir ki, indiyədək oynadığımız qruplardan ən güclüsüdü.
 
– Ən azından Bolqarıstan və Maltanı yenmək olmaz?
– Niyə olmur ki, Maltadan, Bolqarıstandan, yeri gəlsə Bakıda İtalyadan da xal almaq olar. Bu, futboldu və hər şey ola bilər. 6-cı səbətdən bizə Malta düşdü və o öz səbətinin ən güclüsü idi. Həmin səbətdən Lüksemburq, Farer Adaları və s. düşə bilərdi. 4-cü səbətdən Latviya, Litva, Estoniya yox, məhz Bolqarıstan bizim bəxtimizə çıxdı. Baxanda görürsən ki, doğurdan da bəxtimiz gətirmədi.
 
– Sizcə, final mərhələsinə vəsiqə qazanmaq mümkün olacaq?
– Mən ilk növbədə məşqçiyə və məsələyə başqa tərəfdən baxıram. Bu, ölkə çempionatı deyil ki, tez-tez oynayasan. Oynadığımız mərhələ 2014-də başlayacaq və 2015-də bitəcək. Bu müddət ərzində çox şey ola bilər. Oyunçu dəyişikliyi, zədələr, fiziki hazırlıq, məşqçi hazırlığı və s. bunlar təsir edən amillərdi. Bu səbəbdən indidən nəsə demək çətindi. Potensiala baxdıqda, düzdü 3-cü yer tutmaq bizim üçün çətindi. Ancaq hədəfimiz qrup 3-cüsü olacaq.
 
– O zaman azarkeşləri ümidləndirmək olarmı ki, artıq millimiz AÇ-2016-nın final mərhələsində mübarizə aparacaq?
– Ümidlənciridi bir söz demək lazımdırsa, onu demək olar ki, biz daha da çox təcrübə yığırıq. Keçən il də pis nəticə olmadı. Elə özüm oynadığım vaxtları götürüm. O zaman bizim qələbə qazanmağımız çətini idi. Demək olar ki, 10% şansımız vardı. Amma indi elə deyil. İndi qələbəyə və nəticəyə ümid etmək olar.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: