Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, bu matçda 2 qol vuraraq komandasının qələbəsində böyük rol oynayan Reynaldo oyundan sonra jurnalistlərin ona ünvanladığı sualları cavablayıb.
– Oyunla bağlı fikirlərini bilmək maraqlı olardı…
– Bizim üçün ilk hissə çox çətin keçdi. Qar yağmasına görə istədiyimiz oyunu sərgiləyə bilmədik. Ancaq ikinci hissədə topla daha çox rəftar etdik. İstədiyimizə nail olduq.
– Qarın yağması sizin oyunuza nə dərəcədə mənfi təsir etdi?
– Qar hər iki komandanın oyununa təsir etdi. Qar kəsdikdən sonra topla daha yaxşı işlədik, nəticə əldə etdik, qalib gəldik.
– "Qarabağ" kubokda uduzduğu "Qəbələ"yə bu gün "tək ayaq"la qalib gəldi. Həmin məğlubiyyət nə ilə bağlı idi?
– Kubok oyunlarını da ciddi qəbul edirdik. Ancaq həmin qarşılaşmada oyunumuz istədiyimiz kimi alınmadı. Ona görə, məğlub olduq.
– "Qarabağ"ın tarixində mövsüm ərzində ən çox qol vurmuş futbolçu Samir Musayevdi. Necə düşünürsüz, həmin rekordu qıra biləcəksiz?
– Hədəfim daha çox qol vurmaqdı. Mənim üçün əsas olan qolu kimin vurması yox, qalib gəlməyimizdi.
– 10 xal fərq ilə turnir cədvəlinin liderisiz. Buna görə komandada arxayınlıq varmı?
– Qətiyyən! Heç bir arxayınlıq yoxdu. Mövsümün sonuna qədər bütün oyunlara ciddi yanaşacağıq. Bütün oyunlarda da qalib gəlmək üçün çalışacağıq.
– Qış fasiləsindən sonra "Qarabağ" iddialı rəqiblərini böyük hesabla məğlub edib. Bu, sizin güclənməyinizdən irəli gəlir, yoxsa rəqibləriniz zəifləyib?
– Mənə elə gəlir ki, biz qalib gəlmək üçün daha çox çalışırıq. Yaxşı məşq etdiyimiz üçün qalib gəlirik. Fikrimcə, bütün komandalar yaxşı mübarizə aparır.
– Bu mövsüm "Qarabağ"ın heyətində özünüzü yaxşı tərəfdən göstərməyi bacarmısız. Vurduğunuz qollar da bunun sübutudu. Buna görə iddialı klublardan, ölkə xaricindən təkliflər varmı?
– Mən "Qarabağ"da olduqca xoşbəxtəm. Burada qalmaqda niyyətliyəm. Müqaviləmin sonuna qədər bu cür söz-söhbətlərlə maraqlanmıram.
– Bu gün 2 qol vuran Reynaldo nədənsə qəmgin görünür. Bu, havanın soyuq olması ilə əlaqədardı, yoxsa başqa bir səbəbi var?
– Soyuq olduğuna görə. Başqa bir səbəbi yoxdu. Dəfələrlə bu cür havada çıxış etmişəm.
EMİN SƏFƏROV