Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni qəbul etdi. Futbolinfo.az xəbər verir ki, ağdamlılar 3:0 hesabı ilə qalib gələrək, aktivinə növbəti 3 xalı yazdırdı.
 
Lakin yarıda qalan "İnter" – "Rəvan" qarşılaşması kimi, bu oyunun da keçirilməsi sual altında idi. Ötən gün gözlənilmədən mart ayı öz çılğınlığını bir daha nümayiş etdirdi. Paytaxtımıza yağan qar "İnter" – "Rəvan" matçın təxirə salsa da, başbilənlər mərkəzi arenanın normal vəziyyətdə olduğunu qeyd etdilər. Diqqətçəkən məqamlardan biri də mərkəzi arenanın son texnologiyalarla yox, dədə-baba üsulu ilə təmizlənməsi oldu. Belə ki, nərdivanı maşının arxasına bağlayaraq ot örtüyünü qardan təmizləyən işçilərin bu addımı bir daha Azərbaycan futbolunun hansı səviyyədə olduğunu nümayiş etdirdi. Yaxşı ki, avrokuboklar yay aylarına təsadüf edir. Yoxsa, qar yağsa idi, bu işin altından avropalıların gözü önündə neçə çıxacaqdıq?
Shares: