Bu həftə Topaz Premyer Liqasının 28-ci turunda bir sıra maraqlı oyunlar baş tutdu. Bunlardan biri də "Bakı" və "Simurq" komandalarının qarşılaşması oldu. Gərgin mübarizə şəraitində keçən oyunda bəzi məqamlar diqqətdən yayınmadı. Buna paytaxt klubunun futbolçusu Tural Qürbətovla bağlı məqamı misal göstərmək olar.
Belə ki, matçın 28-ci dəqiqəsində zədələnən Rauf Əliyevi əvəzləyən Qürbətov meydana yeni forma ilə çıxmışdı. Bu formada isə nömrədən başqa heç nə yox idi. Nə ad, nə soyad, nə də Topaz Premyer Liqasının loqosu.
Birinci hissə bitdikdən sonra məsələ ilə bağlı oyunun AFFA nümayəndəsi Adil Nadirovun fikirlərini öyrəndik. Nadirov saytımıza açıqlamasında sözügedən məsələdən agah olduğunu bildirdi: "Bəli, mənim həmin futbolçunun meydana yazısı olmayan forma ilə çıxmasından xəbərim var. Sadəcə, bu, o qədər də ciddi problem deyil. Çünki klub tərəfindən mənə əvvəlcədən məlumat verilmişdi. Futbolçu yeni gəldiyindən onun formasını oyun gününə qədər hazırlamaq mümkün olmayıb".
Oyundan sonra klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov bunun səbəbini bu cür izah etdi: "Həmin futbolçu əvəzedici heyətdən gəlib. Əsas komandaya əvəzedicidən bir neçə futbolçu gəlir-gedir. Bu səbəbdən qısa müddətə forma hazır olmur".
Əsas heyətə əvəzedici komandadan futbolçuların gəlməsini futbolun inkişafı üçün müsbət hal saymaq olar. Lakin Peşəkar Futbol Liqasının əsasnaməsində formada yazının olmasının mütləq olması göstərilir. Səbəb nə olursa, olsun, nəticə göz qabağındadı. "Bakı" PFL-in əsasnaməsini vecinə almır. Əks təqdirdə belə hal baş verməzdi. Hər halda Hafiz Məmmədovun klubunun futbolçusu üçün adın və ya soyadın yazılması bu qədər müşkül məsələyə çevrilməməlidi.
AFFA nümayəndəsi və klub rəsmisinin fikirlərindən sonra, Peşəkar Futbol Liqasının (PFL) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin sözlərini də diqqətinizə çatdırırıq: "Mən məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbərinin dediklərini oxudum. Əsasnamədə formanın üzərində yazının olması bildirilir. Klubdan bildiriblər ki, futbolçu əvəzedici heyətdən gəldiyi üçün formasında yazı yoxdu. Bu hal əgər bütöv komandada olsaydı, o zaman böyük problem olardı. Yəqin ki, gələn oyundan bu hallar təkrar olunmaz. Klubun cəzalanıb-cəzalanmayacağını isə deyə bilmərəm. Çünki bununla İntizam Komitəsi məşğul olur".
Böyük ehtimalla paytaxt klubuna heç bir cərimə tətbiq edilməyəcək. Məqsədimiz hansısa kluba cərimə tətbiq etdirmək yox, sadəcə, əsasnaməyə riayət edilmədiyini göstərməkdi. Bundan sonra bu vəziyyət başqa klublarda da təkrarlansa, təəccüblənmək olmaz. Axı digər klubların "Bakı"dan nə əskikliyi var?
RÖVŞƏN ƏHLİMANOĞLU