Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub edən “Qarabağ” bir neçə rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.
Mövsümün rekordu
Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən “Qarabağ” mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.
Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdu – 20 qələbə.
“Neftçi”nin 18 illik rekordu təkrarlandı
“Qarabağ”ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.
Toxunulmazlıqda 3-cü
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.
“Quru” seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.
1. Fərhad Vəliyev (“Qarabağ”) – 554
2. Pavel Kapsa (“Simurq”)– 505
3. İbrahim Şehiç (“Qarabağ”) – 367
4. Kamran Ağayev (“Bakı”) – 360
5-6. David Pyetrkeviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335.