"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik edirəm. Bugünkü oyun da vacib idi, öncəki turdakı uğuru möhkəmlətməli idik. Bu cür oyuna psixoloji hazırlaşmaq çətin idi. Rəqib psixoloji cəhətdən daha sərbəst idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan var idi. Fasilədə komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən futbolçu lazımsız vərəqə alarsa, cəzalanacaq"